“Kəpəz”in əfsanəvi baş məşqçisi Mehman Allahverdiyev uzun illərdən sonra yenidən yaşıl meydanlara qayıdıb. Allahverdiyev “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl Gəncə təmsilçisinin stadionunda topa ilk toxunuşu edib.
O, Sportify.az-a müsahibəsində həmin an yaşadığı hisslərdən, “Kəpəz”ə bağlılığından, klubun hazırkı vəziyyətindən, maliyyə problemlərindən və gələcək gözləntilərindən danışıb.
– Uzun illərdən sonra sizi yenidən yaşıl meydanlarda gördük. “Kəpəz” – “Qarabağ” oyununda topa ilk toxunuşu etdiniz. Həmin an hansı hissləri keçirdiniz?
– Həmin an çempionluqlarımızı, kuboklar qazandığım dövrlər yadıma düşdü. Yenidən həmin stadionda olmaq mənim üçün xoş idi. Düzdür, stadion bir qədər yenilənib, təmir olunub, amma xatirələr dəyişməyib.

– Bu dəvəti kimdən gəldi və ümumiyyətlə, necə baş verdi?
– Təklif klub rəhbərliyi tərəfindən gəldi. Mən də qəbul etdim və oyuna getdim. Qarşılaşmadan əvvəl “Kəpəz”in İdarə Heyətinin sədri Anar Abdullayevlə görüşüb söhbət etdik. Mənə “Kəpəz”in forması hədiyyə olundu. Formanın nömrəsi də xüsusi məna daşıyırdı: 3+4. Üç çempionluq və dörd kubokun rəmzi idi.
– Hədiyyəni və indiki rəhbərliyin sizə və sizin timsalınızda veteran futbolçulara münasibətini necə qiymətləndirirsiniz?
– Yüksək qiymətləndirirəm, sağ olsunlar. Məni dəvət etdilər, oturub bir qədər söhbət etdik. Görüş zamanı hiss etdim ki, Gəncə futbolunun veteranlarına böyük hörmətlə yanaşırlar. Əslində, mən əvvəllər də oyunlara gedirdim, sadəcə başqa yerdə əyləşirdim. İndiki rəhbərliklə ilk dəfə belə yaxından görüşdük. Mənə dedilər ki, niyə oyunlara gəlmirsən? Cavab verdim ki, gəlirəm, sadəcə başqa yerdə otururam. Niyə başqa yerdə otururduğumu da soruşdular. Cavab verdim ki, nə bilim?
– Cavab verməkdə niyə çətinlik çəkirsiniz: İncikliyiniz var?
– Açığı, camaat da məndən soruşurdu ki, niyə komandada yoxsan? Deyirdim ki, bu, mənim yox, rəhbərliyin işidir. Özümə də pis gəlirdi, ona görə oyunlara getmirdim. “Məsləhət olsa, özləri dəvət edərlər, söhbət edərik” deyə düşünürdüm. Hamı bilir ki, mən “Kəpəz”ə necə bağlı olmuşam. Bu komandadan başqa heç yerə getməmişəm.

– Bəs futbolçu olduğunuz vaxt “Neftçi”yə gedişiniz necə baş verdi?
– Rəhmətlik Əhməd Ələsgərov məni “Neftçi”yə dəvət etmişdi. Özüm isə Gəncəsiz bir gün də qala bilmirdim. O vaxt deyirdilər ki, respublikanın bir nömrəli komandası “Neftçi”dir və hamımız bu komandaya xidmət etməliyik. Xüsusən, bunu AFFA-nın ilk prezidenti, sovet dövründə isə Azərbaycanda futbolun kuratoru olan Fuad Musayev söyləyirdi. Musayev sonradan Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı idi. 1980-ci illərdə “Kəpəz” SSRİ çempionatının ikinci liqasında çıxış edirdi. Mən də 20 yaşlarımda idim, əsgərlik vaxtım çatmışdı. “Neftçi”də qalmadığım təqdirdə, əsgərliyə göndəriləcəyimi dedilər. Özü də hara? Əfqanıstana. Beləliklə, məcburiyyətdən qalıb “Neftçi”də davam etdim.
– Hərbi xidməti harada keçdiniz?
– Əsgərliyimi Qəbələyə saldırdılar. Gürcüstanın “Dinamo Tbilisi” komandasını 3:0 hesabı ilə məğlub etmişdik. Hərbi hissə komandirinin özü də oyuna gəlmişdi. Qarşılaşmadan sonra paltardəyişmə otağına gəlib hərbi biletimi verdi və məni həm qələbə, həm də əsgərliyi bitirməyim münasibətilə təbrik etdi. Beləliklə, əsgərlikdə cəmi iki gün qaldım. Adım əsgərlikdə gedirdi, amma özüm futbol oynayırdım. Özüm ali məktəb bitirdiyim üçün o vaxtlar hərbi xidmətim 1,5 il olmalı idi. Yunis Hüseynov, İmaməli Həmidov və mən əsgərliyə birlikdə getmişdik. İki gündən sonra hər üçümüz yenidən bazaya qayıdıb məşqlərimizi davam etdirdik.
– Deməli, “Neftçi”də qalmağınız üçün sizə müəyyən təzyiqlər də olub?
– Allaha and olsun, mən Gəncəsiz heç vaxt dura bilməmişəm. Hətta Barselonada keçirilən seminara da getmək istəmirdim. Orada Bobbi Robsonla və başqa məşhur şəxslərlə şəkillərim var. Düşünürdüm ki, bir həftə orada qalacağam, Gəncədən uzaq düşəcəyəm. Mənim üçün bu, çətin idi. Gəncə komandasında isə uzağı bir gün evdən uzaq düşürdük, o da səfər oyunlarında. Mən buna, təzyiq, hədə-qorxu deməzdim. Onlar da istəyirdilər ki, “Neftçi” üçün yaxşı olsun. Digər tərəfdən, mən o vaxt gənc idim və bəzi məsələləri indiki kimi başa düşmürdüm. O vaxtlar “Neftçi”də oynayanlara insanlar elə hörmət edir, elə xoş münasibət göstərirdilər ki, bunu sözlə ifadə etmək çətindir.

– Yəni, “Neftçi” ilə SSRİ çempionatının güclülər dəstəsində oynamaqdansa, “Kəpəz”lə 9-cu zonada çıxış etməyi üstün tuturdunuz?
– Üstün tutmurdum, amma Gəncəsiz mənə çətin idi. Baş məşqçi kimi “Kəpəz”də çalışdığım dövrdə də müxtəlif klublardan təkliflər almışam. Futbolçu olduğum vaxt da dəvətlər olub. Amma heç birini qəbul etməmişəm. Çünki mənim üçün “Kəpəz” başqa yerdə dayanır. Bu gün “Kəpəz” deyəndə hamı Mehman Allahverdiyevin, Mehman Allahverdiyev deyəndə isə “Kəpəz”in adını çəkir. Əlbəttə, həmin uğurlar təkcə mənim əməyimlə qazanılmayıb. Futbolçuların, klub əməkdaşlarının, hər kəsin əməyi olub.
– “Kəpəz”in bütün titullarını siz qazanmısınız. Lakin son illərdə komandada tez-tez rəhbərlik dəyişirdi, sabitlik yox idi. Sizcə, bunun səbəbi nə idi?
– Bu barədə konkret fikir səsləndirə bilmərəm. Çünki İlqar Nadirinin icraçı direktor olduğu dövrdə idman direktoru olmuşam. Cəmi 10 ay işlədim. Müqavilə uzadılmadı, mən də çıxıb getdim. Sonrakı rəhbərliklər haqqında isə heç nə deyə bilmərəm. Çünki heç birini görməmişdim, heç biri ilə münasibətim yox idi.
– Bəs indiki rəhbərliyin stabil qalacağına inanırsınız?
– İndiki rəhbərliklə bir neçə gündür münasibətimiz yaranıb. Hələlik hər şey normaldır. Gördüyüm qədərilə, futbola və bütün veteranlara müsbət yanaşırlar. Amma əvvəlki rəhbərliklərin niyə tez-tez dəyişdiyini deyə bilmərəm.
– Komanda niyə uzun müddət nəticə qazana bilmirdi və əsasən Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı?
– Bilirsiniz, bunlar ilk növbədə maliyyəyə bağlıdır. Maliyyə olmayanda güclü futbolçular gətirmək mümkün olmur. Arzum budur ki, “Kəpəz”ə yaxşı bir sponsor gəlsin. Bu halda kluba cəlb olunacaq yerli futbolçuların da, legionerlərin də səviyyələri yüksək olacaq. Düzdür, milli komanda üçün də düz-əməlli yerli futbolçu tapa bilmirik. Lakin buna baxmayaraq, səviyyəli yerli oyunçular da yüksək əmək haqqı istəyirlər. Buna görə də hər şey ilk növbədə, maliyyəyə bağlıdır. İkincisi isə gərək, normal futbolçular götürəsən. Təkcə futbol deyil, bütün sahələrdə – hərbidə də, səhiyyədə və hər şey maliyyəyə bağlıdır. “Kəpəz”də sponsor olmadığı üçün müəyyən çətinliklər yaşanıb.

– “Kəpəz”lə titulları maliyyə imkanları sayəsində qazanırdınız?
– Əvvəllər bizim də elə böyük maliyyə imkanlarımız yox idi. Mən baş məşqçi kimi çalışdığım vaxt Faiq Ələkbərov “Kəpəz”in sponsoru idi. Rza Məmmədovun dövründə kluba çox yüksək səviyyədə dəstək göstərilirdi. Allah ona rəhmət eləsin. Ancaq o da cəmi doqquz ay işləyə bildi. Gəncədən çıxıb getdi, özünə qarşı cinayət işi açdılar. Ona görə də klubun sponsoru olmadı. Bizim dövrümüzdə də böyük maliyyə imkanlarımız yox idi. Amma yeganə komanda olmuşuq ki, 1994/1995 mövsümündə sırf gəncəli futbolçularla çempion olmuşuq. Nə Bakıdan, nə də digər bölgələrimizdən oyunçumuz olub. Həmin mövsüm kuboku da qazandıq. Üstəlik, həm çempionatda, həm də kubokda məğlub olmadıq. O vaxt iki oyunluq sistem var idi və heç bir qarşılaşmada uduzmamışdıq. Yeganə komanda olmuşuq ki, belə uğura imza atmışıq. Həmin vaxt Azərbaycan klubları arasında Avropada ilk qolu da biz vurmuşduq. Yadigar Süleymanov fərqlənmişdi. Bu da “Kəpəz”in tarixində maraqlı və yaddaqalan hadisələrdən biridir. İnanın, o vaxtlar Gəncədə 2:0, 3:0 hesablı qələbələr qazananda hamı stadiondan narazı gedirdi. Çünki daha böyük nəticələr gözləyirdilər. İndi isə bir qədər fərqlidir. Baxıram, demək olar ki, bütün klubların normal sponsoru var. Bircə “Kəpəz”dən başqa. Amma o klubların bir çoxu nəticə verə bilmir. İmkanı olub nəticə verməyən klubların, ola bilsin, daxildə problemləri var. İnanıram ki, “Kəpəz”də yenidən hər şey yaxşı olacaq. Çünki klubun bu cür stadion və azarkeşləri var.
– Yeri gəlmişkən, “Kəpəz”in azarkeşləri barədə hansı fikirdəsiniz?
– Komandanın həmişə azarkeşləri olub. Təsəvvür edin ki, komanda normal yerlər uğrunda mübarizə aparsaydı, görün, nələr olacaqdı. 15 minlik stadion da kifayət etməyəcəkdi. Adicə, “Qarabağ”la oyunda xeyli insan bilet ala bilmədi. Hamı deyirdi ki, 15 minlik stadion Gəncə üçün balacadır. Doğrudan da bu arena gəncəli azarkeşlər üçün azlıq təşkil edir.
– Hazırda “Kəpəz” turnir cədvəlində 6-cı mövqedədir. Halbuki son illərdə klub Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Sizcə, indiki nəticələrin əsas səbəbi nədir?
– Burada həm məşqçilərin yaxşı işləməsi, həm də azarkeşlərin dəstəyi böyük rol oynayır. Azarkeşlər bir dəqiqə belə dayanmırlar. Futbolda azarkeşlərə 12-ci oyunçu deyirlər. Onların dəstəyi komandaya çox kömək edir. “Qarabağ”la oyunda da gördünüz ki, imkanlarımız oldu, sadəcə onlardan istifadə edə bilmədik. Sağlıq olsun, hər şey yaxşı olacaq. Allah bir sponsor da yetirsin, komanda daha yüksək səviyyəyə qalxsın.
– Klub rəhbərliyi ilə görüşünüz zamanı bundan sonra da oyunlara davamlı dəvət olunacağınız bildirildimi?
– Mən belə düşünürəm ki, bundan sonra da dəvət edəcəklər. Mənə qarşı münasibət və danışıqları yüksək səviyyədə oldu. İnanıram ki, davamlı olacaq.
– Klubda sizə hər hansı vəzifə təklif etdilərmi?
– Xeyr, o barədə hələ heç nə danışmadıq. Sağlıq olsun.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.