Messinin forması Ronaldonun formasından 6 dəfə baha satıldı
Lionel Messinin vaxtilə “Mançester Yunayted”in masajçısı Rod Tornliyə hədiyyə etdiyi forma hərracda diqqətçəkən qiymətə satılıb.
Sportify.az xəbər verir ki, 2012-ci ildə “Mançester Yunayted”lə “Barselona” arasında keçirilən yoldaşlıq görüşündə Messi tərəfindən geyinilən forma 48 min 608 funt-sterlinqə alıcı tapıb.
Tornli oyundan bir neçə gün əvvəl “Barselona”nın futbolçusu Jerar Pike ilə əlaqə saxlayaraq Messinin formasını əldə etməkdə ona kömək etməsini xahiş edib. Qarşılaşmadan sonra Pike onu “Barselona”nın paltardəyişmə otağına aparıb. Messi formasını çıxararaq imzalayıb və Tornliyə təqdim edib.
14 il sonra həmin forma “MatchWornShirt”in “Əfsanələr” kolleksiyası çərçivəsində keçirilən hərracda satışa çıxarılıb və 48 min 608 funt-sterlinqə satılıb.
Qeyd edək ki, cəmi iki il əvvəl eyni hərracda Kriştiano Ronaldonun 2014-cü ilin avqustunda “Mançester Yunayted”ə qarşı yoldaşlıq görüşündə geyindiyi forma 7 min 795 funt-sterlinqə satılmışdı.



No Comment! Be the first one.