“Milli Dəstə”dən “Sabah”a sərt etiraz
“Milli Dəstə” Azad Azarkeş Qrupu “Sabah”ın Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının IV tur matçından sonra Azərbaycan komandasının futbolçularının davranışına etiraz edib.
Sportify.az xəbər verir ki, fan-klubun rəhbəri Şamil Mustafayev bu barədə sosial şəbəkə hesabında yazıb.
O, komandanın oyun başa çatdıqdan sonra tribunaya yaxınlaşaraq onlara təşəkkür etməməsindən narazılığını bildirib.
Azarkeş qeyd edib ki, təxminən 300 nəfərin Norveçə gələrək komandaya dəstək verməsinə baxmayaraq, final fitindən sonra yalnız 4-5 futbolçu və məşqçi tribunaya yaxınlaşaraq təşəkkür edib: “Bu, hər matçdan sonra oyunçuların borcudur! Qeyd-şərtsiz! Bunu hər dəfə xatırlatmaq lazımdır?! 300 azarkeş gəlmişdi, oyundan sonra isə cəmi 4-5 oyunçu və məşqçi gəlib təşəkkür etdi. Oyundan sonra bir çox oyunçuya iradımı bildirdim. Məşqçi ilə danışmağa imkan olmadı. Növbəti matçdan öncə yenə xatırladacağam. Bu məsələ hər bir oyunçuya çatdırılmalıdır. Nəticədən asılı olmayaraq, necə ki, biz 90 dəqiqə tribunada qalaraq komandaya dəstək oluruq, futbolçular da buna qarşılıq verməlidir”.
Mustafayevin fikrincə, komandanın nəticəsindən asılı olmayaraq, futbolçular onları dəstəkləmək üçün səfərə gələn tərəfdarların əməyinə və sədaqətinə hörmətlə yanaşmalıdırlar.
Qeyd edək ki, “Milli Dəstə” Azad Azarkeş Qrupu — Avropada yaşayan azərbaycanlılar tərəfindən 2014-cü ildə təsis edilmiş və əsasən Azərbaycanın milli futbol komandasını ile yanaşı Avropadakı müxtəlif klublarını səfər matçlarında dəstəkləyən müstəqil azarkeş qrupudur.



No Comment! Be the first one.