“Neftçi” veteran futbolçularını təbrik etdi
“Neftçi”nin veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar.
Sportify.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən veteran futbolçulara yubileyləri münasibətilə xatirə hədiyyələri təqdim edilib. Belə ki, Tərlan Əhmədov 55, Kamal Quliyev isə 50 yaşının tamam olması münasibətilə təbrik olunub.
Tərlan Əhmədov karyerası ərzində Azərbaycanın müxtəlif klublarında çıxış etməklə yanaşı, Rusiya, İran və Ukrayna çempionatlarında da legioner həyatı yaşayıb. O, 1989-1991 və 1998-2002-ci illərdə “Neftçi”nin formasını geyinib. “Ağ-qaralar”ın heyətində 121 oyun keçirən müdafiəçi 6 qol vurub. Əhmədov 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub və ilin futbolçusu seçilib. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığması ilə Avropa çempionluğunu qazanan veteran futbolçu Azərbaycan millisinin heyətində 75 matçda meydana çıxıb.
Kamal Quliyev də Azərbaycanla yanaşı, Ukrayna çempionatında çıxış edib. 1997-2002-ci illərdə “Neftçi”nin formasını geyinən futbolçu 142 oyunda 24 qola imza atıb. O da 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb. Quliyevin milli komandanın heyətində 47 oyunu var.
Qeyd edək ki, Tərlan Əhmədov və Kamal Quliyev 2011-2014-cü illərdə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin köməkçiləri kimi çalışıblar. Həmin dövrdə paytaxt təmsilçisi 2012 və 2013-cü illərdə ardıcıl iki dəfə Azərbaycan çempionu olub. Bundan başqa, “Neftçi” 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Komanda 2013 və 2014-cü illərdə Azərbaycan Kubokunun da qalibi olub.
Tərlan Əhmədov 2017/2018 mövsümündə “Neftçi”nin baş məşqçisi vəzifəsində çalışıb və komandanı Azərbaycan çempionatının bürünc medalına daşıyıb.






No Comment! Be the first one.