Nihat Məmmədli ikiqat dünya çempionu ola bilmədi
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycan yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, 63 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Karen Aslanyan olub.
Qarşılaşmadan 4:8 hesablı məğlubiyyətlə ayrılan Məmmədli gümüş medal qazanıb.
Qeyd edək ki, bu, Karen Aslanyanın ilk dünya çempionluğu və ilk titulu olub. Nihat Məmmədli isə 2024-cü ildə dünya çempionu adını qazanmışdı. Məmmədlinin aktivində 2 Avropa çempionluğu da var.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qüvvəsini sınayıb. O, rəqibinə 5:7 hesabı ilə məğlub olub və beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Beləliklə, yunan-Roma güləşi üzrə milli komanda dünya çempionatını 3 medalla başa vurub.



No Comment! Be the first one.