Nurməhəmmədov qardaşları azadlığa buraxıldı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə kütləvi davada iştirak etmiş rusiyalı MMA döyüşçüləri Ömər və Osman Nurməhəmmədov qardaşları həbsdən azad ediliblər.
Sportify.az xəbər verir ki, Əbu Dabi Cinayət Məhkəməsi hadisə ilə bağlı məhkum edilmiş 8 nəfərin cəzasını yüngülləşdirib.
Məhkəmə əvvəlki 6 aylıq həbs cəzasını hər bir şəxs üçün 150 min BƏƏ dirhəmi (təxminən 41 min ABŞ dolları) məbləğində cərimə ilə əvəz edib.
Qərar davada iştirak edən tərəflərin qarşılıqlı şəkildə şikayətlərindən imtina etməsindən və zərərçəkmiş şəxsin Əbu Dabi hakimiyyətinə məhkumların azad olunması ilə bağlı müraciətindən sonra qəbul edilib.
Qeyd edək ki, noyabrın 11-də Əbu Dabidəki hotellərdən birində Ömər Nurməhəmmədov, UFC-nin sabiq çempionu Merab Dvalişvili və onların ətrafındakı şəxslərin iştirakı ilə kütləvi dava baş verib. Saxlanılanlar arasında Ömərin qardaşı Osman da olub.
Noyabrın 13-də iş üzrə 8 nəfər 6 ay müddətinə azadlıqdan məhrum edilib və cərimələnib. Münaqişənin digər iştirakçıları – Merab Dvalişvili və güləşçi Saba Lazişvili isə daha əvvəl həbsdən buraxılıblar.
Hökmün çıxarılmasından sonra Dvalişvili saxlanılan şəxslərin azad edilməsi üçün BƏƏ hakimiyyətinə açıq şəkildə müraciət edib.



No Comment! Be the first one.