"Orhus"un kapitanı: Çempionlar Liqasına layiq deyildik
“Biz məyusuq, amma etiraf etməliyik ki, həddindən artıq səhv etdik. Buna görə də mübarizədən kənarda qalmağımız ədalətlidir”.
Sportify.az xəbər verir ki, bunu Danimarka “Orhus”unun futbolçusu Kristian Arnstad “Sabah”a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Kapitan “Sabah”ın ilk qolunda özünün etdiyi səhvin böyük rol oynadığını etiraf edib: “Bu, mənim uğursuz ötürməm idi və nəticədə əks-hücum yarandı, “Sabah” ilk qolunu vurdu. Həmin qola görə məsuliyyəti öz üzərimə götürməliyəm”.
23 yaşlı yarımmüdafiəçi komandanın oyununun lazımi səviyyədə olmadığını da vurğulayıb: “Oyunumuzu qurmaqda çətinlik çəkirik. Bəli, sadəcə kifayət qədər yaxşı oynamırıq. Çox top itiririk. Buna görə də Çempionlar Liqasına yüksəlməyə layiq deyilik”.
Arnstad ikinci qoldan sonra komanda yoldaşlarını toparlamağa və oyuna yeni enerji gətirməyə çalışdığını bildirib. Lakin tribunadakı yüksək səs-küyün həmin məqamda buna mane olduğunu deyib: “Bunun üçün bəhanələrdən istifadə edə bilmərik. Superliqanın hər həftəsində yüksək səs-küy və çoxlu azarkeş olur”.
Kapitan komandanı qarşıda daha çətin sınağın gözlədiyini də qeyd edib: “Əlbəttə, şansımızdan istifadə etməyə çalışmalıyıq. Futbolda mümkünsüz heç nə yoxdur, amma təbii ki, çox çətin olacaq. Tamamilə başqa oyun nümayiş etdirməliyik”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer Şeva”, “Orhus” isə Avropa Liqasının eyni raundunda Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gələcək.



No Comment! Be the first one.