Son illər Qubada bir çox bölgələrimizlə müqayisədə normal futbol infrastrukturu formalaşıb. Bu səbəbdən, müxtəlif klubların ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionunda keçirmək istəyi də təsadüfi deyil.
Belə klublardan biri “Haypers” olub. Komanda hətta bir müddət adını “Haypers Quba”, daha sonra isə “Quba” olaraq dəyişərək II Liqada mübarizə aparıb. “Haypers” 2024/2025 mövsümündə pley-off mərhələsində məğlub olaraq I Liqaya yüksəlmə şansını əldən verib. Bu mövsümdən isə klub artıq Bərdəni təmsil edir.
Quba OİK-in stadionundan istifadə edən digər komanda isə “İmişli” olub. Klub ötən mövsüm Premyer Liqadakı ev oyunlarını məhz Qubada keçirib. Lakin stadionda drenaj sisteminin olmaması yağışlı havalarda ot örtüyü ilə bağlı problemlərə səbəb olub. Digər Premyer Liqa klublarının da narazılıqları fonunda “İmişli” mövsümün sonunda ev oyunlarını Qubada keçirməkdən imtina edib.

İndi isə Quba futbolu ilə bağlı daha ciddi və iddialı layihə gündəmdədir.
I Liqada çıxış edən “Səbail” ev oyunlarını Quba OİK-in stadionunda keçirməklə yanaşı, klubun adını da dəyişərək “Quba” adlandırmaq niyyətindədir. Klub rəsmiləri bununla bağlı rayon rəhbərliyi və yerli azarkeşlərlə görüşlər keçirib, Quba ilə daha sıx bağlar yaratmaq üçün müəyyən addımlar atıb.
Bu istiqamətdə görülən işlərdən biri də azarkeş amilidir. Klub səfər oyunlarına Qubadan gedəcək tərəfdarların yol xərclərini öz üzərinə götürərək yerli futbolsevərlərlə daha sıx münasibət qurmağa çalışır.
“Səbail”in iddiası yalnız ad dəyişikliyi və məkan məsələsi ilə məhdudlaşmır. Klubun I Liqa səviyyəsində normal transferlər həyata keçirməsi və Türkiyədə təlim-məşq toplanışı keçməsi onun maliyyə baxımından kifayət qədər imkanlı olduğunu göstərir. Komandanın əsas hədəfi isə bəllidir: Premyer Liqaya qayıtmaq.

Bu məqsəd “Quba” adı altında reallaşarsa, uzun fasilədən sonra Şimal bölgəsinin də Azərbaycan futbolunun əsas çempionatında təmsilçisi olacaq.
Amma bunun qarşısında ciddi rəqib var — “Şahdağ Qusar”.
Qusarda futbolun nə qədər sevildiyi və yerli komandanın azarkeşlər tərəfindən necə dəstəkləndiyi heç kimə sirr deyil. Qusar təmsilçisi də bu mövsüm qarşısına ciddi məqsədlər qoyub. Premyer Liqa təcrübəsi olan Füzuli Məmmədovun baş məşqçi postuna gətirilməsi və səviyyəli transferlərin həyata keçirilməsi “Şahdağ Qusar”ın iddiasını açıq şəkildə göstərir.
Maraqlıdır ki, hazırda “Səbail”də çalışan Rahid Əmirquliyev və Elnur Abdullayev tandemi, həmçinin klub prezidenti Mirzə Bayrampur vaxtilə “Şahdağ Qusar”da da fəaliyyət göstərib. Qusar klubunda rəhbərlik dəyişikliyindən sonra yollar ayrılsa da, həmin şəxslərin indi rəqib komandanın uğuru üçün çalışması I Liqadakı Şimal rəqabətinə əlavə maraq qatır.
“Şahdağ Qusar”ın əsas problemi isə stadiondur.
Şövkət Orduxanov adına Qusar şəhər stadionunda başlanan təmir işləri hələ də tam başa çatdırılmayıb və bərpa prosesinin ləngiməsi komandanın planlarına ciddi təsir edir. Qış aylarında iqlim şəraitini də nəzərə alsaq, təmir işlərinin davam etdirilməsi və stadionun qısa müddətdə istifadəyə verilməsi elə də real görünmür.
Bu isə o deməkdir ki, “Şahdağ Qusar” cari mövsümdə də ev oyunlarını Qusardan kənarda keçirmək məcburiyyətində qala bilər. Komandanın ən böyük üstünlüklərindən biri olan böyük azarkeş dəstəyi də belə vəziyyətdə tam şəkildə istifadə olunmayacaq.

Təbii ki, I Liqada çempionluq və Premyer Liqaya yüksəlmək uğrunda mübarizədə “Karvan Yevlax” və “Mingəçevir” kimi komandaları da nəzərdən kənarda qoymaq olmaz. Lakin hazırkı mənzərə göstərir ki, Şimal bölgəsində futbol baxımından çox ciddi proses gedir.
Bir tərəfdə Qubaya köçərək “Quba” adı ilə Premyer Liqaya qayıtmaq istəyən “Səbail”, digər tərəfdə isə güclü heyət formalaşdıran, futbol ənənəsi və azarkeş dəstəyi ilə seçilən “Şahdağ Qusar”.
Görünən odur ki, I Liqada bu mövsüm ən maraqlı mübarizələrdən biri məhz Şimalda yaşanacaq. Və hər şey proqnozlaşdırıldığı kimi getsə, gələn mövsüm Premyer Liqada uzun fasilədən sonra Şimal bölgəsinin təmsilçisini görə bilərik.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.