PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu
Fransa millisinin və PSJ-nin sabiq müdafiəçisi Layvin Kurzava peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Sportify.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.
Avropa və Asiyada bir sıra klublarda çıxış etmiş futbolçu qərarını emosional vida mesajı ilə ictimaiyyətə çatdırıb.
“Bir gün başlamaq lazım idi. Bu gün isə bitirməyi bacarmaq lazımdır. Uzun illər, ehtiras, fədakarlıqlar, arzular və duyğularla dolu həyatımın möhtəşəm bir səhifəsini bağlamağın vaxtı çatıb.
Futbol mənə hər şeyi öyrətdi, hər şeyi yaşatdı və mənə çox şey qazandırdı. Bu, sadəcə karyera deyildi, ehtirasla dolu bütöv bir həyat idi”, – deyə Kurzava yazıb.
Karyerası ərzində “Monako”, PSJ, “Fulhem”, “Boavişta” və son olaraq İndoneziyanın “Persib” klubunda çıxış edən müdafiəçi keçmiş komandalarına, məşqçilərinə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
O, Fransa millisində çıxış etməyin də özü üçün xüsusi qürur olduğunu vurğulayıb.
Qeyd edək ki, futbolçu karyerasını başa vursa da, futboldan tamamilə uzaqlaşmaq niyyətində olmadığını bildirib. Kurzava bundan sonrakı dövrdə ailəsi ilə vaxt keçirməyi və yeni layihələrə yönəlməyi planlaşdırır.



No Comment! Be the first one.