“Qarabağ” “Dinamo Kiyev”i cəzalandıra bilər – Ukraynadan xəbərdarlıq
Ukrayna millisinin sabiq hücumçusu İvan Getsko “Qarabağ”la “Dinamo Kiyev” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, veteran futbolçu Sport.ua-ya açıqlamasında ilk görüşdə “Dinamo Kiyev”in xarakter nümayiş etdirdiyini bildirib.
Onun fikrincə, paytaxt klubunun Lublindəki 1:0 hesablı qələbəsində əsas amil komandanın mübarizliyi olub: “İqor Kostyukun yetirmələri xarakter nümayiş etdirdilər. Onlar sonadək mübarizə aparmağa hazır idilər. Bu, “Dinamo Kiyev”ə Ağdam təmsilçisinə qarşı mübarizə aparmağa kömək etdi”.
Getsko Ukrayna təmsilçisinin oyununda ciddi çatışmazlıqların olduğunu da qeyd edib. Onun sözlərinə görə, qələbə gətirən qol belə daha çox bəxtin sayəsində vurulub: “Matvey Ponomarenko əzmkarlıq göstərdi və fiziki göstəriciləri sayəsində rəqib müdafiəçini kobud səhvə görə cəzalandırdı. Lakin ümumilikdə komandanın oyununda kifayət qədər sual var”.
Sabiq hücumçu “Qarabağ”ın ilk görüşdə daha baxımlı futbol nümayiş etdirdiyini düşünür: “Qarabağ” daha maraqlı təsir bağışladı. Xüsusilə yaradıcı monteneqrolu Marko Yankoviç seçilirdi. “Dinamo Kiyev”də isə həm topa nəzarətdə, həm də ötürmələrdə çoxlu səhvlər oldu”.
Getsko cavab qarşılaşmasında “Dinamo Kiyev”in çətinlik çəkəcəyini proqnozlaşdırıb: “Belə oyunla Bakıda xoşagəlməz vəziyyətlərdən qaçacaqlarına çox şübhə edirəm. Bəlkə də yalnız əzmkarlıq və bəxtin köməyi ilə nəticəni qoruyub saxlaya bilərlər. Etiraf etməliyik ki, “Dinamo Kiyev”in demək olar, hər bir xəttində zəif nöqtələr var”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Kiyev” matçı saat 20:00-da başlanacaq.


No Comment! Be the first one.