"Qarabağ" - "Tvente" matçında qalmaqallı referi: Başına butulka dəyib - VİDEO
“Qarabağ” və “Tvente” arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü üçün hakim təyinatları Niderland “cəbhə”sində narahatlıq yaradıb.
Sportify.az xəbər verir ki, “Twente Insite” Bakıda keçiriləcək oyunun norveçli baş hakimi Rohit Saqqi ilə bağlı xüsusi yazı dərc edib.
Nəşr 34 yaşlı referinin qalmaqallı keçmişini xatırladaraq onun mübahisəli qərarlarla gündəmə gəldiyini vurğulayıb.
Saqqi Norveç liqasında artıq 190 oyuna hakimlik edib. Bu matçlarda 666 sarı, 34 qırmızı vərəqə göstərib və 58 penalti təyin edib. Onun Avropa turnirlərində də böyük təcrübəsi var – 42 matç idarə edib. Bu oyunlarda 144 sarı, 7 qırmızı vərəqə göstərib və 7 penalti təyin edib. Orta hesabla, Norveç liqasında və Avropa oyunlarında demək olar ki, hər matçda eyni sayda sarı vərəqə göstərir. Lakin Norveç liqasında penalti təyin etmə göstəricisi daha yüksəkdir: orta hesabla hər oyuna 0,3 penalti, Avropa turnirlərində isə 0,17 penalti.
Saqqi Norveçdə artıq dəfələrlə ciddi mübahisələrə səbəb olub. Məsələn, 2020-ci ildə “Valerenqa” – “Stabek” matçı zamanı hakim iki kobud səhvə yol verib. Onlardan biri əsassız qırmızı vərəqə olub. Oyundan sonra Saqqi səhvlərini etiraf edib və Norveç Futbol Assosiasiyası tərəfindən növbəti matçlara təyin olunmayıb.
2023-cü ildə isə “Stabek” – “Valerenqa” matçından sonra vəziyyət tamamilə nəzarətdən çıxıb. VAR ətrafında uzunmüddətli mübahisələr və iki qırmızı vərəqə ilə yadda qalan oyundan sonra Saqqi başına butulka ilə zərbə alıb. Nəticədə norveçli hakim beyin silkələnməsi keçirib. Aşağıda insidentin videosu təqdim olunub.
Xatırladaq ki, “Tvente” ilk oyunun albaniyalı baş hakimi Yucin Cayadan da narazı qalmışdı. Niderland klubunun mətbu orqanı həmin qarşılaşmada alban referinin idarəçiliyini sərt tənqid etmiş və onun çoxsaylı vərəqə göstərməsini xüsusi vurğulamışdı.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” matçı saat 20:00-da başlanacaq. İlk matçda Azərbaycan komandası səfərdə qələbə qazanıb – 1:0.


No Comment! Be the first one.