"Qarabağ"da daha bir zədəli - Qurban Qurbanov açıqladı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı”ya qarşı Misli Premyer Liqasının ilk tur matçında zədələnən Renaldo Sefas barədə danışıb.
Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yamaykalı yarımmüdafiəçinin əzələsində gərilmənin olduğunu bildirib.
“Artıq dəyişikliklərimiz də bitmişdi. Bununla belə, Sefası meydançada saxlamaqla risk etmək istəmədik. Ona görə də əvəzlədik”, – deyən Qurbanovun sözlərinə görə, 27 yaşlı oyunçunun durumuna avqustun 18-də aydınlıq gələcək: “Sabah klubumuz tərəfindən onun durumu ilə bağlı açıqlama veriləcək”.
Sefasın zədəsi ciddi olsa, “Qarabağ” sol cinahda ciddi boşluqlarla üzləşə bilər. Daha əvvəl müdafiəçi Elvin Cəfərquliyevin 2 həftəyədək sıradan çıxdığı, yarımmüdafiəçi Abdullah Zubirin isə klubu tərk etdiyi açıqlanıb.
Qurbanov isə Niderland “Tvente”sinə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün start heyətin qarşıdakı günlərdə bilinəcəyini açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü avqustun 27-də evdə keçirəcək.



No Comment! Be the first one.