Qari Nevill: “Bəzi futbolçular peşəkar kimi davranmır”
İngiltərə təmsilçisi “Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill komandanın İngiltərə Premyer Liqasında “Bornmut”a 0:3 hesabı ilə məğlubiyyətindən sonra klubdakı vəziyyəti dəyərləndirib.
Sportify.az xəbər verir ki, Mançester təmsilçisi artıq səkkiz oyundur qələbə qazana bilmir. Nevill komandanın baş məşqçisi Maykl Karrikin fəaliyyətinə də toxunub və onun üzərinə düşən yükün son aylarda həddindən artıq artdığını bildirib.
“Maykl Karrik möhtəşəm insandır. O, dürüstlüyü, nüfuzu, prinsipiallığı və peşəkarlığı ilə seçilir. O, hazırda paltardəyişmə otağında futbolçulara çatışmayan sabitlik və etibarlılığı təcəssüm etdirir.
İndi isə nəticə əldə edə bilmədiyi üçün bunun əvəzini ödəməli olur. Son aylarda üzərindəki təzyiq onun üçün həddindən artıq böyük idi. Futbolçularla düzgün ünsiyyət qura bilmədi və nəticədə komanda ondan üz döndərdi.
Hətta kapitan Brunu Fernandeş onun əleyhinə açıq şəkildə danışıbsa, özü də qısa açıqlama şəklində olsa belə, bağlı qapılar arxasında nələrin baş verdiyini təsəvvür etmək çətin deyil. Belə sözləri kapitan deyirsə, kənar şəxslərin olmadığı vaxt paltardəyişmə otağında hansı ab-havanın hökm sürdüyünü anlamaq mümkündür. Bu, narahatedici vəziyyətdir.
Bəzi futbolçular qeyri-peşəkar davranırlar. Mən Mançesterdə yaşayıram və görürəm ki, onların heç də hamısı peşəkar səviyyəyə uyğun deyil. Bəziləri rejimə əməl etmir, düzgün qidalanmır və “Mançester Yunayted”i ön plana qoymur. Onlar bu klubla yaşamalı və onun üçün nəfəs almalı olduqları kimi davranmırlar.
Səbəb odur ki, bəzi futbolçuların başı gicəllənib. Açığı, hazırda bəzi oyunçular gözləntiləri doğrultmurlar” — deyə Nevill “Sky Sports”a bildirib.



No Comment! Be the first one.