Qurban Qurbanov: Abbasa hər şey bildirilib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Milli Premyer Liqasının V turunda “Zirə” ilə oyundan sonra fikirlərini bildirib.
Sportify.az xəbər verir ki, Q.Qurbanov qarşılaşmanın maraqlı alındığını deyib:
“Maraqlı oyun alındı. Sona kimi, demək olar ki, gərginlik oldu. Sürətli hücumlar gördük. Hər iki komanda ən azı bir xala layiq idi. Bəlkə də ədalətli nəticə bir xal idi.
Komandamıza gəldikdə, ümumən oyundan-oyuna daha inamlı oluruq və hər matçda meydanda daha yaxşı şeylər görürəm. Bir-birini tamamlayan bəzi epizodlar var və bunlar getdikcə yaxşılaşır.
Xallarımızın üzərinə bir xal gəldi. Qarşıdakı günlərdə digər oyuna hazırlaşacağıq. Möhtəşəm azarkeşlərimizə və hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandalarına sona kimi bu cür dəstək oldular”.
Baş məşqçi yeni futbolçuların çıxışına da münasibət bildirib:
“Normal. Hələ öz optimal formalarından uzaqdırlar. Ümumən hər bir yeni oyunçu üçün bir qədər şərait yaradırıq ki, meydanda az olan oyunçular atmosferi, ümumiyyətlə, komandanı və kollektivi hiss etsinlər.
Bilirik ki, bir qədər hələ öz idman formalarından uzaqdırlar. Buna baxmayaraq, yavaş-yavaş adaptasiyanı daha yaxşılaşdırmaq istəyirik. Qarşıda bir qədər vaxtımız olacaq. Son turumuzdan sonra milli komandaların oyunları ilə əlaqədar fasilə olacaq. İnanıram ki, əlimizdə şans olacaq ki, onları daha yaxşı vəziyyətə gətirək”.
Q.Qurbanov Abbas Hüseynovun gələcəkdə əsas komandaya cəlb olunması ilə bağlı suala isə belə cavab verib:
“Yox. Ona bildirilib hər şey. Sadəcə, burada danışılacaq bir şey yoxdur artıq”.



No Comment! Be the first one.