Qurban Qurbanov: Buna hər cür ad qoymaq olar
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– İlk növbədə, turun adının “Zəfər turu” olması münasibətilə xalqımızı təbrik edirəm. İgidlərimizin böyük zəfərindən sonra bu günün hər il qeyd olunması qürurvericidir. Xalqımıza uğurlar arzulayıram. Həqiqətən də, çox qürurlu günlər idi. Futbola, oyuna qayıtdıqda isə əlbəttə, daha yaxşı çıxış edə bilərdik. Qalib gəlmək istəyirdik. Amma ümumilikdə futbolçuların məsuliyyətindən və oyuna yanaşmalarından razı qaldım. Demək olar ki, çox yaxşı müdafiə olunan və sürətli əks-hücumları olan kollektivə qarşı oynayırdıq. Buna baxmayaraq, rəqibə qapımız önündə yüzfaizlik qol epizodu yaratmaq imkanı vermədik. Bilirdik ki, onların çox sürətli futbolçuları var. Həm Vadşi, həm Co, həm də cinahlarda çıxış edən oyunçular hücuma fəal qoşulurdular. Demək olar ki, onların qarşısını ala bildik.
Sadəcə, qol epizodunda autdan sonra top bir neçə dəfə bizə düşdü, yenidən rəqibə qayıtdı və sonda qol vuruldu. Bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. Üç xal qazandılar. Artıq neçə turdur ki, çox yaxşı və inamlı oyun nümayiş etdirirlər.
Biz isə yolumuza davam edəcəyik. Bəlkə də texniki çatışmazlıqlarımız bir qədər azalıb. Yaxşı düşünülmüş hücumlarımız oldu. Buna baxmayaraq, edəcəyimiz başqa bir şey yoxdur. Sadəcə, pozitiv düşünməli və qarşıdakı oyunlara köklənməliyik. Qarşıda kifayət qədər fasilə olacaq. Bu istirahət müddətindən yaxşı faydalanmağa çalışmalıyıq. Uzun müddətdən sonra bu arenaya qayıtmışdıq. Azarkeşlərə də təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Tovuzdan gələn azarkeşlərə də minnətdaram.
– “Qarabağ” son vaxtlar xeyli sayda qol epizodları yaradır, amma hücumları sonlandıra bilmir. Bu, problemdir, yoxsa son zərbələrdə müəyyən çətinlik yaşanır?
– Hər cür ad qoymaq olar. Daha diqqətli olmaq lazımdır. Ola bilər, bir qədər bəxtsizlik də var, demək istəmirəm, amma hər bir halda daha dəqiq olmalı, qol epizodlarına soyuqqanlı yanaşmalıdırlar. Əvvəllər də qeyd etmişdim ki, bir-birimizi tamamlamaqda müəyyən çatışmazlıqlarımız var. Bəlkə də, bu, həmin amildən irəli gəlir. Ümumiyyətlə, istənilən rəqib liderlərə qarşı daha yaxşı təşkilatlanır, daha sıx və etibarlı müdafiə olunur. Bu, onların ilk növbədə qarşılarına qoyduqları oyun fəlsəfəsidir. Buna baxmayaraq, belə rəqibə qarşı da yaxşı hücumlarımız oldu. Əvvəlki oyunlarda da belə epizodlar yaratmışıq. Hər bir halda hücum xəttində ustalığı artırmaq lazımdır.
– Özünüz də qeyd etdiniz ki, uzun müddətdir bu arenada oynamırdınız. Bu fasilənin səbəblərindən biri arenanın dəyişməsi ola bilərmi?
– Yox, deməzdim. Bu arenada dəfələrlə oynamışıq, bizim doğma meydanımızdır. Biz ötən illərdə də “Turan Tovuz”a Tovuzda, İbrahim Həsənov adına stadionda məğlub olmuşuq. Bu, futboldur, belə hallar olur. Əksinə, dediyim kimi, pozitiv düşünərək irəli baxmaq lazımdır.
– Heyətin tam şəkildə bir-birinə adaptasiya prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiniz?
– Düzü, bəlkə də gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular indi-indi özlərinə gəlməyə başlayıblar. Əvvəllər də belə hallarımız olmuşdu. Bilirsiniz, komandaya eyni vaxtda bir neçə futbolçu gəlmişdi. Biri uyğunlaşırdı, digəri isə bir qədər gec özünə gəlirdi. Amma ümumilikdə bu qədər vaxt çəkəcəyini gözləmirdim. Hər bir halda son vaxtlar daha pozitiv oyun və hərəkətlər görürəm. İnşallah, vəziyyəti düzəltməyə çalışacağıq.



No Comment! Be the first one.