Rəşad Sadıqov: 5-6 futbolçu ilə danışıqlar aparırıq
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “İmişli”yə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Xeyli gərgin və maraqlı oyunun şahidi olduq. Xüsusən, ikinci hissədə çox sürətli oyun keçdi. Bu gün qələbə bizim üçün çox vacib idi. Ssenari Estoniya “Payde”si ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşümüzə çox oxşayırdı. Hesabda 1:0 öndə olarkən də, 2:1 öndə olarkən də qol epizodları qaçırdıq. Mənim üçün olduqca vacib idi ki, futbolçular düzgün reaksiya versinlər. Onlar sona qədər inandılar, əzmkarlıq göstərdilər, meydanda soyuqqanlı qaldılar. Sonda vurduğumuz qol da önəmli idi. Məsələ hesabda deyil. Halbuki 2:1 öndə olarkən, mən də komandamızın arxaya oturacağını düşünürdüm. Amma o dəqiqələrdə olduqca önəmli idi ki, arxaya çəkilmədən hücumları davam etdirək və uğuru rəqib qapısı qarşısında axtaraq. Bunu edirdilər. Sevinirik ki, sonda bizim üçün olduqca önəmli 3 xal və qələbə qazandıq.
– İkinci oyundur Qismət Alıyevin ehtiyatda qalması hazırlıq səviyyəsi ilə bağlıdır?
– Xeyr, bu, seleksiya vaxtı mövsüm boyunca cızdığımız plan idi. Uzun illər Qismət sağ cinahda tək idi. Zədələndiyi halda çox ciddi problemlər yaşayırdıq. Əslində İssa Cibrila da cinahda tək idi. Amma bu il əlimizdə 3 cinah müdafiəçisi var. Mövsüm boyunca bunu rotasiyalı şəkildə davam etdirəcəyik. Halbuki Alıyev avrokuboklarda 4 yaxşı oyun keçirmişdi. Bu gün onun ehtiyatda olması kimin kimdənsə daha yaxşı olması ilə bağlı deyil. Sadəcə, bu oyunlarda belə plan cızdıq. Növbəti oyunlarda rəqibi təhlil etdikdən sonra ona uyğun qərarlar verəcəyik. Qismət sonradan daxil olduğu hər iki oyunda böyük əzmkarlıq və oyunu ilə komandanın nə qədər vacib parçası olduğunu göstərib. Ümumilikdə mövsüm uzundur. Keçən mövsüm bəzi mövqelərdə bu yöndə çox ciddi problemlər yaşamışdıq. Məcburən o mövqenin olmayan futbolçularını oynadırdıq. İndi də heyətimiz kasaddır. Danışıqlar apardıqlarımız var. Hələ seleksiyamız davam edir. Mütləq heyətimizi genişləndirməliyik.
– Konkret, gəlməsini gözlədiyiniz oyunçular varmı?
– Var. Hətta şifahi razılaşdığımız oyunçu da var. 5-6 futbolçu ilə danışıqlar aparırıq. Planımızda 4-5 tranfer var. Edib-etməyəcəyimiz bilinmir.
– Sirr deyilsə, yerli çempionatdandır?
– Xeyr, heç biri yerli çempionatdan deyil.



No Comment! Be the first one.