Rəhman Hacıyev: Niyə birinci pilləyə yüksəlməyək?
“Kəpəz”in futbolçusu Rəhman Hacıyevin “İmişli”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqası X tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyunla bağlı fikirləriniz necədir?
– Həqiqətən də, çox yaxşı oyun keçirdik. Ardıcıl qələbə qazanmağımıza görə çox xoşbəxtik. Bu nəticələr oyunlara necə hazırlaşmağımızın, məşqlərdə çəkdiyimiz əziyyətin bəhrəsidir. Komandada hər kəs əlindən gələni edir və bunun nəticəsini meydanda görürük. Artıq bu oyunu geridə qoymuşuq. İndi növbəti qarşılaşmaya hazırlaşacağıq. İnşallah, orada da yaxşı nəticə qazanarıq.
– Komanda artıq turnir cədvəlinin beşinci pilləsindədir və liderdən cəmi dörd xal geri qalır. Demək olar ki, hədəfinizə çatmısınız, yoxsa daha yüksək yerləri düşünürsünüz?
– Xeyr, bizim üçüncü və ya dördüncü yerə çıxmaq kifayət deyil. Niyə daha yuxarı pillələrə yüksəlməyək? Niyə birinci yerdə olmayaq? Futbol belədir: nə qədər çox istəsən və çalışsan, hər şeyə nail ola bilərsən. Mən həm özümə, həm də komandama güvənirəm. İnşallah, bundan sonra daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram.
– Qarşıda sizi iki ağır oyun gözləyir. Xüsusilə “Qarabağ” və “Neftçi” ilə qarşılaşmalar barədə nə deyə bilərsən?
– Bizi çox çətin oyunlar gözləyir. “Neftçi” də son illərlə müqayisədə çox yaxşı formadadır. Bilirik ki, çətin qarşılaşmalar olacaq. Amma biz özümüzə güvənirik və heç bir komandadan çəkinmirik. İnşallah, bu oyunlara da qələbə qazanmaq üçün çıxacağıq.
– Həm sənin, həm də Namikin cərimə zərbəsindən vurduğu qolları izlədik. Bu gün Namikin qolunu necə şərh edərdin?
– Namik topu cərimə zərbəsi üçün hazırlayanda, uşaqlar da şahiddir, mən onun qol vuracağını hiss edirdim. Hətta yüz faiz qol olacağını demişdim. Şükürlər olsun ki, zərbəsi uğurlu alındı. Buna çox sevindim. Çünki Namik zədə almışdı və düşünürəm ki, bu qol ona əlavə motivasiya verəcək. Onun adına həqiqətən çox şadam. Əsas bizim üçün vacib olan üç xal idi və onu da qazandıq.



No Comment! Be the first one.