Rəşad Eyyubov: Hiss edirdim ki, uşaqlara çətindir
“Əsas odur ki, yaxşı nəticə əldə etdik”.
Sportify.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsində Çexiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən brifinqdə deyib.
Mütəxəssis qarşılaşmanın intensivliyinin yüksək olduğunu bildirib: “Hiss edirdim ki, uşaqlara çətindir. Çünki oyun praktikasında çatışmazlıqlar var idi”.
R.Eyyubov ilk oyunda Çexiyaya 0:5 hesabı ilə məğlub olmalarına da münasibət bildirib:
“Birinci oyundan 3-4 gün əvvəl milliyə gəlmişdim. Uşaqların çoxunu yaxşı tanımırdım. Bu oyun bizim üçün tam fərqli oldu. Top rəqibdə olarkən başqa cür oynayırdıq”.
Baş məşqçi əsas millidə çıxış edən futbolçuların U-21-də yer almasının nəticəyə təsiri ilə bağlı suala belə cavab verib: “Uda da bilərdik, uduza da. Dəqiq cavab verə bilmərəm”.
O, Rüfət, Edqar, Oruc və Rəvanın əsas milliyə layiq olduğunu qeyd edib.
Çalışdırıcı qarşıdakı görüşlərlə bağlı proqnoz vermək istəmədiyini söyləyib: “Proqnoz verməyi xoşlamıram. Oyunlara hazır olmalıyıq. 3-4 gün ərzində oyunçuları bərpa etməli və yaxşı oyun göstərməliyik”.
Baş məşqçi Lorentso Mezotteronun çıxışından razı qaldığını bildirib:
“Birinci toplanışa baxanda indi oyun tərzini daha yaxşı başa düşür”.
Gənc mütəxəssis U-21 millisinin əsas hədəfinin əvvəlki ən yaxşı nəticəni yaxşılaşdırmaq olduğunu vurğulayıb:
“Tariximizdə ən çox 9 xal toplamışıq. Bu nəticəni yaxşılaşdırmaq istəyirik”.
Nəriman Axundzadənin çıxışını da dəyərləndirən mütəxəssis onun oyunundan tam razı qaldığını deyib:
“Toplanış zamanı özünü çox peşəkar aparırdı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyir verəcək”.
Baş məşqçi aşağı yaş qruplarından U-21-ə namizəd futbolçuları izlədiklərini, lakin onların sayının az olduğunu bildirib.
Legioner limitinin ləğvinin buna təsir etdiyini deyən baş məşqçi fikrini belə ifadə edib: “Əlbəttə, edir. Amma mən hər bir limitə qarşıyam. Düşünürəm ki, kim yaxşıdırsa, o da oynamalıdır”.



No Comment! Be the first one.