Ronaldu Portuqaliya millisini tərk etdi - QALMAQAL
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu komandanın düşərgəsini tərk edib.
Sportify.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama yayıb.
Ronaldu baş məşqçi Jorje Jezuşun mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensayla söhbətdən sonra belə qərar verdiyini bildirib.
“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və federasiya prezidenti ilə söhbətdən sonra düşərgəni tərk etmək qərarına gəldim.
Vaxtı gələndə milli komandadan ayrılmağımın səbəbləri barədə bütün portuqaliyalılara həqiqəti danışacağam. Mən həmişə milli komandaya sadiq olmuşam.
İndi Portuqaliyaya və bütün komanda yoldaşlarıma, heç bir istisna olmadan, uğurlar arzulamaq vaxtıdır”, – deyə Ronaldu bildirib.
Bundan əvvəl 41 yaşlı hücumçunun Norveçlə görüşdə meydana çıxmamasından narazı qaldığı və məşqdən sonra komandanın düşərgəsini tərk etdiyi barədə məlumat yayılmışdı. Jezuş isə Ronaldu ilə arasında hər hansı insident olmadığını bildirmişdi.
Baş məşqçi Norveçlə matçda Ronalduya ehtiyac yarana biləcəyini düşündüyünü və futbolçunun 20-30 dəqiqə isinmə hərəkətləri etdiyini söyləyib. Lakin sonda onu meydana buraxmayıb.
“İstənilən futbolçu 20-30 dəqiqə isinib meydana çıxmadıqda bundan məmnun qalmır. Xüsusən də Kriştianu”, – deyə Jezuş bildirib.
Mütəxəssis Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensanın Danimarkaya komandanın yanına gəlməsinin də məsələ ilə bağlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Proensa Portuqaliyada baş verənlərlə bağlı nə olduğunu öyrənmək istəyib.
Portuqaliya millisi isə Ronaldu ilə bağlı rəsmi mövqeyində bildirib ki, futbolçu düşərgəni tərk edib və komandanın hazırlığı 24 oyunçu ilə davam edir.
Portuqaliya oktyabrın 1-də UEFA Millətlər Liqasının Liqa A mərhələsinin 4-cü qrupunda Danimarka ilə qarşılaşacaq. Kopenhagendəki “Parken” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Ronaldu turnirdə Uelsə qarşı 67 dəqiqə meydanda olub və fərqlənməyib. Norveçlə görüşdə isə iştirak etməyib.
Futbolçunun düşərgəni tərk etdikdən sonra şəxsi təyyarəsi ilə Madriddən Səudiyyə Ərəbistanına yollanacağı bildirilir.



No Comment! Be the first one.