Rüfət Abbasov: Bu qolu heç vaxt unutmayacağam - MÜSAHİBƏ - VİDEO
“Neftçi”nin futbolçusu Rüfət Abbasov evdə “Şəfa”nı 4:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi əvvəlcə oyunu dəyərləndirib:
– Ötən tur məğlub olmuşduq. Bu dəfə isə qalib gəlmək istəyirdik. Sevinirik ki, buna nail olduq. Ardını gətirmək istəyirik.
– Zədəniz nə ilə əlaqədar idi?
– Sadəcə, qaşım partlayıb. Rəqib oyunçunun dirsəyi dəydi. Hər şey qaydasındadır.
– Uzun müddət qol vurmaqda çətinlik çəkdiniz. Hətta hesabı açdıqdan sonra “Şəfa” tarazlıq yaratdı. Bu müddətdə sizdə arxayınlıq yox idi?
– Xeyr, arxayınlaşma yox idi. Sadəcə, rəqib 5 müdafiəçi ilə oynayır, biz isə onların arxa xəttini yarmağa çalışırdıq. Hesabı biz açsaq da, ikinci hissənin əvvəllərində standart vəziyyətdən top buraxdıq. Buna baxmayaraq, hücumlarımızı davam etdirdik və daha 3 qol vuraraq, qələbə qazandıq.
– Oyunun qırılma anı kimi ikinci qolunuzu qeyd etmək olarmı?
– Deməzdim. Çünki biz çoxlu hücum etdik və daha çox qol vura bilərdik. Əsas odur ki, qələbə qazandıq. Bizim üçün bu vacib idi.
– Növbəti oyununuz “İmişli”yə qarşı olacaq. Gözləntiləriniz nədir?
– Səfərdə oynayacağıq. Süni meydanda çətin matçın alınacağını gözləyirik. Buna baxmayaraq, qələbə qazanmaq istəyirik. Azarkeşlər gəlib bizə dəstək olsunlar.
– Bəs sizcə, “Şəfa” ilə matçda azarkeş azlığı nə ilə əlaqədar idi?
– Nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma azarkeşlərimizə səslənmək istərdim ki, gəlib bizə dəstək olsunlar. Bu, bizə daha da motivasiya verir.
– Bu gün meydanda ən fəal oyunçu idiniz. Demək olar ki, bütün qollarda iştirak etdiniz. Bəs siz öz çıxışınızı necə qiymətləndirirsiniz?
– Komandamın qələbəsi və yaxşı oyun sərgiləməsi üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Siz deyirsinizsə, deməli, oyunun ən yaxşısı mənəm (gülür – red.). Mən də belə düşünürəm.
– Vurduğunuz qol da gözəl alındı. Özünüz solaxay olsanız da sağ ayaqla zərbə endirdiniz. Bu qol ayın ən yaxşı “5-liy”inə düşə bilərmi?
– Bəlkə də düşə bilər. Məşqlərdə sağ ayaqla zərbələr vurur, sınaqdan çıxarırdım. Lakin məşqlərdə o qədər də yaxşı alınmırdı. Bu dəfə isə mükəmməl alındı. Sevinirəm ki, zərbəm qol oldu.
– Premyer Liqa tarixində ilk qolunuz sizin üçün yaddaqalan olacaqmı?
– Əlbəttə. Özüm “Neftçi”də böyümüşəm, klub akademiyasında oynamışam. Bu qolu heç vaxt unutmayacağam.
Həlimə ƏLİYEVA



No Comment! Be the first one.