Rui Jorje: Onların işimə müdaxiləsini istəmərəm
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının ilk yoxlama matçında İraqın müvafiq yaşlılarından ibarət yığması ilə qolsuz heç-heçə edib.
Sportify.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Rui Jorje mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– Keyfiyyət baxımından yaxşı oyun oldu. Düşünürəm ki, müdafiə baxımından kifayət qədər inamlı çıxış etdik. Bununla belə, topa nəzarət və ötürmələrin sürəti baxımından müəyyən çatışmazlıqlarımız var idi. Xüsusilə topun bir cinahdan digərinə daha sürətli ötürülməsində çətinlik çəkirdik. Buna baxmayaraq, ilk hissədə üç çox yaxşı qol imkanı yaratdıq. Həmin epizodlarda daha yaxşı oynaya bilərdik. Rəqib də çox təhlükəli idi və qol vəziyyətləri yaradırdı. Bu isə oyunu çətinləşdirirdi. Digər tərəfdən, külək amili də hər iki komandaya təsir göstərirdi. Hər iki tərəf bu amili nəzərə almalı idi. Buna baxmayaraq, çalışırdıq ki, oyunda öz futbolumuzu nümayiş etdirək.
– Komandanın hazırlıq prosesinin gedişatından nə dərəcədə razısınız? Artıq xeyli müddətdir bu kollektivlə işləyirsiniz. Hazırlıq və futbolçuların çıxışı sizi qane edirmi?
– Çox məmnunam. Futbolçular mənim tələblərimə çox yaxşı cavab verirlər. Bütün komandanın məşqlərdəki münasibətindən və göstərdiyi səydən razıyam. Əsas məqsədimiz hər gün inkişaf etmək, daha yaxşı çıxış etməkdir. Hər bir oyunçu bu komandada yer almağa layiq olduğunu sübut etməyə çalışır. Hamımız istəyirik ki, final mərhələsində tələb olunan səviyyədə olaq.
– Azərbaycan futbolunda qol imkanlarından yararlanmaqla bağlı müəyyən problemlər müşahidə olunur. Bugünkü oyunda da üç real qol epizodu yaratsanız da, onlardan istifadə edə bilmədiniz. Bunu təcrübə çatışmazlığı, yoxsa futbolçuların klublarında kifayət qədər oyun şansı qazanmaması ilə əlaqələndirirsiniz?
– Hələlik bunu problem kimi qiymətləndirməzdim. Bu gün həqiqətən də üç çox yaxşı qol imkanı yaratdıq. Ancaq həmin epizodlardan başqa ciddi fürsətlərimiz çox olmadı. Biz komandanı möhkəm təməl üzərində qurmağa çalışırıq. Müdafiə baxımından fərqli səviyyəli rəqiblərə qarşı oynasaq da, yaxşı təsir bağışlamışıq. Bu baxımdan komandamızın çıxışından razıyam. Hücum fazasında da inkişaf etməli, daha keyfiyyətli oyun nümayiş etdirməliyik.
– U-21 millisində 2007-ci il və daha sonrakı təvəllüdlü perspektivli futbolçular var. Onların çıxışlarını izləyirsinizmi? Gələcəkdə həmin oyunçuları əsas milliyə cəlb etmək planınız varmı? Söhbət həm yerli klublarda, həm də xaricdə çıxış edən futbolçulardan gedir.
– Bütün futbolçuları yaxından izləyirəm. 2007, 2008 və 2009-cu il təvəllüdlü oyunçuların hamısının çıxışını diqqətdə saxlayıram. Hazırda bu milliyə dəvət olunan futbolçularda müəyyən potensial görürəm. İnanıram ki, onlar gələcəkdə komandamıza daha yaxşı nəticələr əldə etməkdə kömək edə bilərlər. Həmin oyunçular bu millidə çıxış etməyə layiqdirlər. Digər futbolçuları da izləyirəm. Bu, mənim vəzifəmin bir hissəsidir.
– “Sumqayıt”ın dörd futbolçusu U-21 millisinə dəvət olunub. Onlar klubun əsas komandası ilə məşq etsələr də, müntəzəm oyun şansı qazanmırlar. Sumqayıtın baş məşqçisi ilə bu barədə danışığınız olubmu? Həmin futbolçuların daha çox oynaması üçün hər hansı müraciət etmisinizmi?
– Heç vaxt klub məşqçisinin işinə müdaxilə etmərəm. Bu, mənim işim deyil. Amma təbii ki, onunla danışmışam. “Neftçi”nin məşqçisi ilə də söhbətim olub. Sabahın əvəzedici heyətinin baş məşqçisi ilə də görüşmüşəm. Futbolçuların vəziyyəti və çıxışları barədə daim məlumatlı olmağa, onlarla bağlı müzakirələr aparmağa çalışıram. Lakin heç vaxt klubun işinə qarışmaram. Çünki özüm də başqalarının işimə müdaxilə etməsini istəmərəm.


No Comment! Be the first one.