Rüstəm Əhmədzadə: "Qarabağ" və "Zirə"yə qarşı prinsipiallığım var - MÜSAHİBƏ
Hazırda “Sumqayıt”da çıxış edən Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının III tur matçından sonra Sportify.az-a müsahibə verib.
Daha əvvəl “Qarabağ”da və icarə əsasında “Zirə”də çıxış etmiş 26 yaşlı hücumçu hər iki komanda ilə qarşılaşmaların onun üçün prinsipial əhəmiyyət kəsb etdiyini açıqlayıb:
– Zədədən sonra ilk oyununuza çıxdınız. Komandada dəyişikliklər çoxdur?
– Bəli. Yeni baş məşqçi gəlib. Komandanı çoxlu futbolçu tərk edib və yeniləri gəlib. Demək olar ki, kollektiv tamamilə sıfırdan qurulur. Baş məşqçi Filipe Kandidonun oyunlarla bağlı fərqli tələbləri və tapşırıqları var. Buna görə də fikrimcə, sadəcə, bir az vaxt lazımdır ki, futbolçular meydanda bir-birilərini daha çox anlaya bilsinlər. Prinsipcə, baş məşqçimizin də bizdən tələbi budur ki, get-gedə vəziyyət yaxşıya doğru dəyişsin.
– Amma hələlik 2 oyundan 2 məğlubiyyətlə ayrılmısınız. Bu nəticələr uduzduğunuz rəqibləriniz “Neftçi” və “Qarabağ”ın iddialı olmasına görədir, yoxsa…?
– Bəli. İlk növbədə, ona görə ki, təqvimimiz bir qədər ağırdır. Üstəlik, bizə daha çox vaxt lazımdır. Yığışmağa yenicə başladığımız vaxt da Kandido bizə bunu demişdi. Bir müddətdən sonra meydanda hamı bir-birini və baş məşqçinin tələblərini anladıqda daha yaxşı təsir bağışlayacağıq. Hələliksə sadəcə, kifayət qədər vaxt ötüşməyib.
– Bəs yaxşı oyunu məhz nə vaxt gözləmək olar?
– Bilmirəm. Fikrimcə, oyundan-oyuna daha yaxşı olacaq.
– Kandidonun oyunlara yanaşmasını necə dəyərləndirə bilərsiniz: Portuqaliyalı üslubu varmı?
– Əlbəttə, var. Baş məşqçimiz hücum futbolu istəyir. Bu da ön xətt oyunçusu kimi xoşuma gəlir. Yenə deyirəm: Sadəcə, qısa müddət lazımdır ki, meydanda bir-birimizi anlayaq. Baş məşqçiyə gəldikdə, razıyam. Gördüyüm qədərilə, Kandido komanda yoldaşlarımın da xoşuna gəlir.

– Artıq milli komandada Fernandu Santuşla çalışmısınız. Kandido isə sizin ikinci portuqaliyalı baş məşqçinizdir…
– Bəli. Amma baş məşqçilər arasında oxşarlıq görmürəm. Hərəsinin öz üslubu var. Bu da zamanla meydanda görünəcək.
– Bəs özünüzün zədədən sonrakı durumunuz necədir?
– Bütün hazırlıq dövrümü komanda ilə birlikdə keçmişəm. Hər şey yaxşı idi, yaxşı formada idim. Kiçik zədə aldım və iki həftəni və Premyer Liqanın ilk turunu buraxdım. II tur matçımızı təxirə saldıqları üçün oynamadım. Mövsümdə ilk matçım “Qarabağ”a qarşı oldu. Prinsipcə, özümü yaxşı hiss edirəm. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.
– Keçmiş komandanız “Qarabağ”a qarşı oynadınız. Prinsipiallıq var idi?
– “Qarabağ”a qarşı oyunlarım həmişə mənim üçün prinsipialdır. Oynamaq, qol vurmaq, qalib gəlmək istəyirəm. Bu, təkcə “Qarabağ”a deyil, “Zirə”yə qarşı da belədir. Buna görə də əlbəttə, prinsipiallıq var.



No Comment! Be the first one.