Rəşad Sadıqov: Ayxan Abbasova sonuna qədər inanıram
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 3:1 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra brifinq keçirib. Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
– Uzun fasilə oldu. Üç həftəlik fasiləyə alışmamışdıq. Əvvəlcə iki oyun planlaşdırmışdıq. Amma çoxsaylı zədələrimizi və millinin üzvlərini nəzərə alaraq qərara gəldik ki, bir oyun keçirək. “Qarabağ”la bu qarşılaşmanı əvvəlcədən planlaşdırmışdıq. Oyun həmişə olduğu kimi yoldaşlıq xarakteri daşıyırdı. Düşünürəm ki, hər iki komandadan futbolçular meydanda istəkli və fəal idilər. Hazırda bizim üçün ən vacib oyun çempionatın növbəti turunda “Şamaxı” ilə oyuna hazır olmaqdır. Demək olar ki, bu gün hazırlığımızı tamamladıq. Bundan sonra oyun həftəsinə başlayacağıq. Ümid edirəm ki, həmin qarşılaşmada istədiyimiz oyunu nümayiş etdirə və nəticəni əldə edə biləcəyik.
– Oyunda qol epizodlarınız oldu, amma onlardan yararlana bilmədiniz. Bu problem üzərində işləyirsiniz?
– Ümumiyyətlə, bu il qol epizodlarından istifadə ilə bağlı problemimiz var. Amma bu gün əsas məsələ nəticə deyil, oyun idi. Təxminən 55-60 dəqiqəlik çıxışımızdan razı qaldım. Daha sonra futbolçularda yorğunluq hiss olunurdu.
– Komandada zədəlilərin vəziyyəti necədir?
– 8 aparıcı futbolçumuzdan məhrumuq. Ciddi problemlər yaşayırıq. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik. Məni məyus edən məqam zədələrin uzunmüddətli olmasıdır. Bəzi futbolçularımız iki, iki ay yarım, hətta üç ay meydanlardan kənarda qalacaqlar. Bu həftə Bayere Lueni də itirdik. O, iki gün əvvəl məşqdə zədələndi və təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq. Xüsusilə hücum xəttində ciddi problemlərimiz var. İnşallah, komanda və kollektiv şəklində bu çətinliyin öhdəsindən gəlməyə çalışacağıq.
– Uzun illər Azərbaycan millisinin kapitanı olmusunuz. Lixtenşteynlə heç-heçədən sonra yığma ciddi tənqid olunur. Bununla yanaşı, sabah Litva ilə qarşılaşma barədə də fikirləriniz maraqlıdır…
– Uzun illər millidə çıxış etmişəm. Qələbə qazanmayanda çox vaxt tənqid olunuruq. Bu, aydın məsələdir. Ümumiyyətlə, komandamızın yaxşı qol epizodları oldu. Sadəcə, həmin epizodlardan istifadə edə bilmədikcə futbolçular üzərində stress yarandı. Nəticədə qalib gələ bilmədilər. Amma düşünürəm ki, əsas oyun Litvaya qarşı sabah keçiriləcək ev matçıdır. İnanıram ki, millimiz Litvanı məğlub edəcək, daha sonra Lixtenşteyn üzərində də qələbə qazanaraq qrupda birinci yeri tutacaq.
– Tez-tez səslənən fikirlərdən biri də budur ki, 30 ildə Azərbaycan futbolunda heç nə dəyişməyib. Sizcə, bu müddətdə hansısa irəliləyiş olub?
– Azərbaycan futbolunda çox şey dəyişib. İstər klub səviyyəsində, istərsə də ümumi inkişaf baxımından 30 il əvvəlki dövrlə müqayisədə ciddi fərqlər var. Əvvəllər avrokuboklarda bir mərhələ keçməyi böyük uğur hesab edirdiksə, indi bəzən bir mərhələ keçə bilməməyi uğursuzluq kimi qiymətləndiririk. Çünki “Qarabağ” uzun illərdir avrokubokların əsas mərhələsində çıxış edir. “Sabah”ın da bu il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı gözləntilər artıb. Bütün bunlar çempionatımızın səviyyəsinə və tələblərə təsir göstərib. Biz bunu oyunlarda da hiss edirik. Milli səviyyəsində də Ayxan Abbasovun gəlişindən sonra ciddi dəyişikliklər var və böyük işlər görülür. İnanıram ki, yaxın gələcəkdə bunun bəhrəsini görəcəyik.
– Sizcə, Ayxan Abbasov millinin baş məşqçisi vəzifəsində qalmalıdır?
– Mən Ayxan Abbasova sonuna qədər inanıram.
– Bu il millinin ən böyük problemi xarakter çatışmazlığı idi? Komandada Rəşad Sadıqov kimi liderlərin olmaması hiss olunur?
– Xeyr, bu fikirlə qətiyyən razı deyiləm. Komandada xarakterli futbolçular çoxdur. Sadəcə, bəzən hər şey istədiyin kimi alınır, bəzən isə yox. Lixtenşteynlə oyun günü millimiz üçün uğursuz alındı. Futbolçular çox cəhd etdilər, çalışdılar, amma alınmadı, istədikləri nəticəni əldə edə bilmədilər. İnanıram ki, qarşıdakı oyunlarda bunun tam əksini görəcəyik.
Bahar Rüstəm



No Comment! Be the first one.