Şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri keçiriləcək
Şəhid jurnalistlərin xatirəsinə həsr olunan 5-ci ənənəvi minifutbol turniri keçiriləcək.
Sportify.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə təşkil olunan yarış sentyabrın 26-dan noyabrın 15-dək davam edəcək.
Sentyabrın 22-də turnirlə bağlı tədbir keçirilib. Tədbirdə yarışın qaydaları açıqlanıb, püşkatma mərasimi təşkil olunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
16 komandanın iştirak edəcəyi turnirdə qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: AZTV, APA, Veteranlar, Ardanış
B qrupu: ATV, AZƏRTAC, Əmirxeyir, Qaraqoyunlu
C qrupu: Xəzər TV, Anews, MEDIA, Vətən
D qrupu: CBC Sport, Baku.WS, Gəncəvi Media, Zəfər-44
Turnirin ilk oyunu sentyabrın 26-da saat 17:00-da Bakı Tennis Akademiyasının stadionunda AZƏRTAC və AZTV komandaları arasında keçiriləcək. Qarşılaşmadan əvvəl rəsmi açılış mərasimi təşkil olunacaq.
Yarış çərçivəsində oyunlar 25 dəqiqəlik iki hissədən ibarət olacaq. Yarımfinal və final qarşılaşmalarında əsas vaxt heç-heçə ilə başa çatacağı təqdirdə qalib penaltilər seriyası ilə müəyyənləşəcək.
Turnirin keçirilməsində əsas məqsəd Birinci və İkinci Qarabağ müharibələrində şəhid olanların, o cümlədən peşə fəaliyyətlərini yerinə yetirərkən həyatlarını itirən jurnalistlərin xatirəsini yaşatmaqdır.
Qeyd edək ki, 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində jurnalistləri aparan avtomobilin minaya düşməsi nəticəsində AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Arif Əliyev həlak olublar.




No Comment! Be the first one.