Azərbaycan UEFA reytinqində xal ehtiyatı və mövqeyi yüksəlib.
Sportify.az xəbər verir ki, bu, “Sabah” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə İsrail “Hapoel Beer Şeva”sını əlavə vaxtda 5:2 hesabı ilə yenməsi və əsas raunda yüksəlməsi sayəsində gerçəkləşib.
Ölkə çempionunun tarixi nailiyyəti ölkə reytinqinə daha 1,750 xal gətirib. Nəticədə xalını 23,687-yə çatdıran Azərbaycan bir pillə irəliləyərək, 25-ci mövqedə qərarlaşıb.
Əvəzində 22,843 xala malik Sloveniya 26-cı sıraya enib.
Hazırda Azərbaycanın 2 (“Sabah” və “Qarabağ”), Sloveniyanın isə 1 klubu (“Tsele) avrokuboklarda çıxışını davam etdirir. Bu gün “Tsele” Slovakiyanın “Slovan Bratislava” komandasına qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə çıxacaq. “Qarabağ” isə avqustun 27-də Konfrans Liqasının eyni raundunda Niderland “Tvente”sini qəbul edəcək.
“Qarabağ” da əsas mərhələyə yüksəlsə, 23,750 xalla 24-cü yerdə gedən İsraili də geridə qoyma şansı yaranacaq. Hazırda bu ölkənin “Hapoel Beer Şeva”dan əlavə, 2 təmsilçisi (“Hapoel Təl Əviv” və “Makkabi Təl Əviv”) də avrokubok mübarizəsini davam etdirir.
Şotlandiya “Seltik”ini iki oyunun yekununda üstələyərək, Çempionlar Liqasının əsas mərhələsinə yüksələn LASK-ın sayəsində Avstriya 2 pillə irəliləyib. Bu ölkə nəinki Şotlandiyanı, hətta Macarıstanı da keçərək, 17-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Tvente”yə Niderlandda qalib gəlib – 1:0. Cari mövsüm Azərbaycan klubları avrokuboklarda ümumilikdə 5.125 xal yığıblar. Bu göstəricidə Azərbaycan qitə ölkələri arasında birinci yerdə gedir.



No Comment! Be the first one.