“Sabah”dan tarixi qələbə - YENİLƏNDİ - VİDEO
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk ev oyununu keçirib.
Sportify.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv Çexiya təmsilçisi “Slaviya Praqa”nı qəbul edib.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma Azərbaycan klubunun inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Hələ 17-ci dəqiqədə Kahim Parris hesabı açsa da, VAR müdaxiləsindən sonra avstriyalı baş hakim Sebastian Gishamer oyundankənar vəziyyət olduğunu bildirərək, qolu saymayıb. Bununla belə, Parris 49-cu dəqiqədə “Sabah”ın Çempionlar Liqasında tarixi qolun müəllifi olub.
Çexiya təmsilçisi qalan dəqiqələrdə bərabərlik qolunu vurmağa cəhd etsə də, istəyinə çata bilməyib. Əvəzində 88-ci dəqiqədə “Sabah”ın əks-hücumu zamanı topu ələ keçirən Coy Lens Mikels uzaq məsafədən boş qapını dəqiq nişan alıb.
Beləliklə, ilk turda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuş Azərbaycan çempionu növbəti qarşılaşmasında tarixi qələbəyə imza atıb.
————————-
Bu gün “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya Praqa” komandası ilə qarşılaşacaq.
Sportify.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.
Oyunu Sebastian Gishamerin rəhbərliyi altında avstriyalı hakimlər briqadası idarə edəcək.
Hər iki kollektiv turnirin ilk oyununda məğlub olub. “Sabah” səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzubsa, “Slaviya” doğma meydanda Fransanın “Lans” klubuna 2:3 hesabı ilə məğlub olub.
İlk qarşılaşma
“Sabah”la “Slaviya” indiyədək rəsmi oyunlarda üz-üzə gəlməyib. Bakı təmsilçisi üçün bu, Çexiya klublarına qarşı ilk sınaq olacaq.
Praqa klubu isə Azərbaycan komandaları ilə əvvəlki 4 görüşdə məğlub olmayıb. “Slaviya” 2000/2001 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Şəmkir”i iki oyunun nəticəsinə görə 5:1, 2006/2007 mövsümündə UEFA Kubokunun eyni mərhələsində “Karvan”ı 2:0 hesabı ilə üstələyib. Digər qarşılaşma isə 0:0 hesabı ilə başa çatıb. Ümumilikdə çexlərin Azərbaycan klubları ilə oyunlarda 3 qələbə və 1 heç-heçəsi var.
“Sabah” tarix yazır
2025/2026 mövsümündə Azərbaycan çempionu olan “Sabah” tarixində ilk dəfə Avropanın əsas klub turnirinin əsas mərhələsində çıxış edir. Bakı təmsilçisi Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayaraq Uelsin TNS, Finlandiyanın KuPS, Danimarkanın “Orhus” və İsrailin “Hapoel Beer Şeva” komandalarını mübarizədən kənarlaşdırıb.
İngiltərədə “Mançester Yunayted”ə məğlubiyyət “Sabah”ın bu mövsüm Çempionlar Liqasında keçirdiyi 9-cu oyunda 3-cü yenilgisi olub. Komanda əvvəlki 6 matçda qalib gəlib və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Diqqətçəkən məqam odur ki, “Sabah” bu mövsüm Çempionlar Liqasında evdə keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Bu görüşlərdə rəqib qapılarından 12 top keçirən Azərbaycan klubu cəmi 2 qol buraxıb. Komandanın indiyədək Avropa turnirlərində keçirdiyi 23 oyunun heç biri qolsuz başa çatmayıb.
“Slaviya”nın mənfi seriyası
Praqa təmsilçisi Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci mövsüm iştirak edir. Komanda 2025/2026 mövsümündə liqa mərhələsini 34-cü pillədə başa vurub. “Slaviya” UEFA turnirlərinin qrup və liqa mərhələlərində ardıcıl 10-cu mövsümünü keçirir.
Bununla belə, çexlərin avrokuboklarda nəticələri ürəkaçan deyil. “Lans”a 2:3 hesabı ilə məğlubiyyət “Slaviya”nın Avropa turnirlərində qələbə qazana bilmədiyi oyunların sayını 16-ya çatdırıb. Praqa klubu Çempionlar Liqasının əsas mərhələsində də son 20 görüşündə qələbə qazanmayıb: 7 heç-heçə və 13 məğlubiyyət.
“Slaviya” əsas mərhələdə səfərdə ilk qələbəsini qazanmağa çalışacaq. Bu komanda əvvəlki 10 səfər matçında 4 dəfə heç-heçə edib, 6 dəfə uduzub. Praqa təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsində son 3 oyununda isə ən azı 5 qol vurulub.
Beləliklə, “Sabah” doğma meydanda qələbə seriyasını davam etdirməyə, “Slaviya” isə uzunmüddətli uğursuzluğa son qoymağa çalışacaq. Bakıdakı qarşılaşma həm Azərbaycan çempionunun Avropadakı iddiası, həm də Çexiya klubunun mənfi seriyadan çıxmaq cəhdi baxımından maraq doğurur.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya Praqa” (Çexiya) – 2:0
Qollar: Kahim Parris, 49. Coy Lens Mikels, 88
🚨 Joy Lance Mickels 88′. SLAVIA PRAGUE’S GOALKEEPER AND DEFENDER COMBINE FOR AN ABSOLUTE DISASTER! UNBELIEVABLE BLUNDER AT THE BACK!
🇦🇿 Sabah 2-0 Slavia Praha 🇨🇿
https://t.co/qJgsvKrxqR— Goals Xtra (@GoalsXtra) October 13, 2026
Kaheem Parris scores from a counter attack.
🇦🇿 Sabah 1-0 Slavia Praha 🇨🇿 https://t.co/MfIs9ROK4Z
— KING OF GOALS (@KingOfGoals100) October 13, 2026
17-ci dəqiqədə “Sabah”ın futbolçusu Kahim Parris fərqlənsə də, VAR müdaxiləsindən sonra qol hesaba alınmayıb.
🚨 Kaheem Parris puts Sabah ahead.
🇦🇿 Sabah 1-0 Slavia Praha 🇨🇿
https://t.co/kig5LEN8M9
— Goals Xtra (@GoalsXtra) October 13, 2026
Baş hakim: Sebastian Gishamer
Yan xətt hakimləri: Roland Ridel, Santino Şrayner
Dördüncü hakim: Valter Altmann
VAR: Alan Kiyas
VAR köməkçisi: Josef Spörni (hamısı Avstriya)
Hakim-inspektor: Luis Medina Kantalexo (İspaniya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı Olimpiya Stadionu.



No Comment! Be the first one.