“Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu dünyanın ən tanınmış klublarından biri – İngiltərə “Mançester Yunayted”inə qarşı keçirəcək.
Sportify.az xəbər verir ki, əfsanəvi “Old Trafford” stadionunda baş tutacaq oyundan öncə “qırmızı şeytanlar”ın istər rəsmi saytında, istərsə də azarkeş səhifələrində Azərbaycan klubu eyniadlı Malayziya təmsilçisi ilə qarışdırılıb.
Nəticədə Valdas Dambrauskasın baş məşqçi olduğu komanda lider yox, 4-cü yerdə gedən komanda kimi göstərilib və turnir cədvəlinə “Johor”un başçılıq etdiyi yazılıb. Ümid edək ki, belə münasibətin qarşılığını Azərbaycanın “Sabah”ı meydanda verəcək.
Onları aləm tanıyır
“Mançester Yunayted” isə dünyada məşhurdur, necə deyərlər, aləm tanıyır. Komanda uzun fasilədən sonra Çempionlar Liqasına qayıdır. “Qırmızı şeytanlar” sonuncu dəfə bu turnirdə 2021/2022 mövsümündə 1/8 final mərhələsində çıxış edib və həmin mərhələdə İspaniya “Atletiko Madrid”inə məğlub olaraq (0:1, 1:1) mübarizəni dayandırıb.
“Mançester Yunayted” Avropanın ən təcrübəli komandalarından biridir. Klub Çempionlar Liqasının kubokunu üç dəfə (1968, 1999, 2008) qazanıb və bu turnirdə keçirdiyi oyunların sayı, beynəlxalq səviyyədə qazandığı təcrübə və heyətindəki ulduz futbolçular baxımından “Sabah”dan böyük üstünlüyə malikdir.
Lakin hazırkı “Mançester Yunayted” əvvəlki illərdəki dominant komanda təsiri bağışlamır. Komanda mövsümə qeyri-sabit başlayıb və İngiltərə çempionatında üç turdan sonra cəmi 4 xal toplayıb.

Son turda “Everton”la 2:2 hesablı heç-heçə edən Mançester təmsilçisi turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Komandanın lider “Mançester Siti”dən artıq 5 xal geri qalması mövsümün başlanğıcının “qırmızı şeytanlar” üçün heç də ideal olmadığını göstərir.
Üstəlik, “Mançester Yunayted”in son oyunları müdafiədə problemlərinin olduğunu göstərir. Komanda mövsümöncəsi yoldaşlıq görüşləri də daxil olmaqla, son 5 qarşılaşmasında 9 qol buraxıb. Bu müddətdə “Milan”a 2:4, “Hall Siti”yə 0:2 hesabı ilə məğlub olub, “İpsviç Taun”u isə 5:2 hesabı ilə məğlub edib. “Lids”lə əsas vaxtda 1:1 hesablı heç-heçə edən komanda penaltilər seriyasında qalib gəlib.
“Everton”la son oyunda da komanda qələbəni qoruyub saxlaya bilməyib. Bu nəticələr “Sabah” üçün müəyyən ümid yarada bilər. Çünki rəqibin müdafiəsi toxunulmaz deyil və Azərbaycan çempionunun hücum xətti bundan istifadə etməyə çalışacaq.
Hücum xəttində ciddi təhlükə
“Mançester Yunayted”in əsas üstünlüyü isə fərdi ustalıqdır. Komandanın hücum xəttində Brunu Fernandeş, Mateus Kunya, Brayan Mbömo və Benyamin Şeşko kimi futbolçular yer alır.
Xüsusilə Fernandeş rəqib müdafiəsi üçün ciddi təhlükə yarada biləcək oyunçulardandır. Portuqaliyalı futbolçu həm qol vurmaq, həm də son ötürmələri ilə oyunun taleyini dəyişmək qabiliyyətinə malikdir.

Şeşko da diqqət yetirilməli futbolçulardandır. Sloveniyalı hücumçu “Everton”la oyunda meydana sonradan daxil olaraq qol vurub və bu, onun start heyətində yer almaq şansını artırıb.
Komandanın mümkün start heyətində Senne Lammens, Dioqu Dalo, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Andrey Santos, Mainu, Brayan Mbömo, Brunu Fernandeş, Mateus Kunya və Benyamin Şeşkonun yer alacağı gözlənilir.
“Sabah” üçün niyə təhlükəli rəqibdir?
Digər tərəfdən, “Old Trafford” amili də ciddi əhəmiyyət daşıyır. “Mançester Yunayted”in ev oyunlarında atmosfer, azarkeş təzyiqi və komandanın psixoloji üstünlüyü “Sabah” üçün qarşılaşmanın ən çətin tərəflərindən biri ola bilər.
“Mançester Yunayted” son nəticələrinə görə ideal vəziyyətdə görünməsə də, rəqibin adını və Avropa təcrübəsini nəzərə almamaq olmaz.
Komanda uzun illərdir Çempionlar Liqasında çıxış edib, böyük oyunların atmosferinə öyrəşib və heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Üstəlik, “Old Trafford”da oynamaq hər rəqib üçün əlavə təzyiq deməkdir.
“Mançester Yunayted”in zəif tərəfi nədir?
“Sabah” üçün ən vacib məqamlardan biri rəqibin müdafiə xəttindəki problemləridir.
İngiltərə klubu son oyunlarda rəqiblərinə kifayət qədər qol imkanları verib. Son 5 qarşılaşmada 9 qol buraxılması təsadüfi göstərici deyil.
“Mançester Yunayted” nəinki çoxlu qol buraxıb, həm də rəqiblərinə həddindən artıq çox qol vəziyyəti yaratmağa imkan verib. Elə son matçda “Everton” 18 zərbə endirib ki, onların 6-sı qapı çərçivəsinə ünvanlanıb. Hazırda Premyer Liqada cəmi dörd komanda var ki, rəqiblərinə “Mançester Yunayted”dən daha çox qapıya dəqiq zərbə vurmağa imkan verib. Qapıçı Senne Lammens, yəqin ki, “Mançester Yunayted”in müdafiə xəttində mövsümə nisbətən yaxşı başlayan yeganə futbolçudur. Bu da onu göstərir ki, onun seyvləri olmasaydı, komandanın müdafiə göstəriciləri daha da pis ola bilərdi.
Bu baxımdan “Sabah”ın əsas məqsədlərindən biri topa nəzarət etdiyi anlarda sürətli hücumlara keçmək və Mançester müdafiəsinin arxasında yaranan boşluqlardan istifadə etmək olacaq.
Əlbəttə, “Sabah” da Mançesterə müdafiə olunmaq üçün getməyib. Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsinə qədər keçdiyi təsnifat mərhələlərinin hamısında hücum futbolu sərgiləyərək, kifayət qədər ciddi rəqibləri mübarizədən kənarlaşdırıb və hazırda yaxşı formada olan komanda təsiri bağışlayır.

Bu səbəbdən, “Mançester Yunayted” üçün “Sabah”ı asan rəqib hesab etmək düzgün olmaz. İngiltərə klubunun heyət və Avropa təcrübəsi baxımından böyük üstünlüyü olsa da, son nəticələr onun müdafiəsində problemlərin olduğunu göstərir.
“Sabah” üçün əsas məsələ həmin zəifliklərdən nə dərəcədə istifadə edə bilməkdir. “Old Trafford”da keçiriləcək qarşılaşmada Azərbaycan təmsilçisinin sürətli hücumları və rəqibin müdafiə səhvlərindən yararlanmaq bacarığı oyunun taleyinə təsir edə bilər.
Qeyd edək ki, sentyabrın 10-da keçiriləcək “Mançester Yunayted” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunu fransalı referi Villi Delejo idarə edəcək.



No Comment! Be the first one.