"Sabah"ın baş məşqçisi: Hər xal bizim üçün vacibdir
“Sabah”nın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XI turunda “Şamaxı” ılə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– Əvvəlcə xalqımızı bu gün qeyd olunan Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Oyuna gəldikdə isə, əlbəttə, hər matça qələbə qazanmaq üçün çıxırıq. Bu dəfə də qalib gəlmək istəyirdik və buna hazırlaşmışdıq. Lakin qarşılaşma enişli-yoxuşlu keçdi. Bəlkə də birinci hissənin ilk 20 dəqiqəsində oyuna müəyyən qədər nəzarət edə bildik. Sonrakı dəqiqələrdə isə matç bir qapıdan digərinə keçən mübarizəyə çevrildi. Oyuna tam nəzarəti ələ ala bilmədik. Həm birinci, həm də ikinci hissədə rəqibə əks-hücumlar üçün imkanlar yaratdıq. Onlar da bundan yaxşı yararlandılar. Bizim də qol vurmaq üçün bir-iki əlavə fürsətimiz oldu. Düşünürəm ki, bu oyunda qalib gələ bilərdik, amma rəqibin də bir neçə yaxşı imkanı var idi və onlar da qələbə qazana bilərdilər. 2:2 hesablı heç-heçə azarkeşlər üçün maraqlı və həyəcanlı nəticə oldu. Ancaq turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparan komanda üçün bu, yaxşı nəticə deyil. Çünki hər xal bizim üçün vacibdir.
– İkinci qolu vurduqdan sonra sevinməyə belə vaxtınız olmadı və hakimlə mübahisə etdiniz. Hansı epizodla bağlı narazılığınız var idi?
– Bir neçə gün əvvəl Çempionlar Liqasında oynayırsınız və orada müəyyən qaydaların tətbiq olunduğunu görürsünüz. Daha sonra daxili çempionata qayıdırsınız və həmin qaydaların burada da eyni şəkildə tətbiq olunmasını istəyirsiniz. Mən hakimlərdən heç vaxt hansısa güzəşt istəməmişəm. Sadəcə, hər iki komandaya qarşı eyni yanaşmanın olmasını istəyirəm. Hakimlərlə də bunu müzakirə edirdik. Xüsusi bir məsələ yox idi. Danışdıqlarımızın hamısı meydanda həll olundu. Hakimlə bağlı heç bir şikayətim yoxdur.
– Son vaxtlar çox sıx qrafiklə çıxış edirsiniz. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə sizə nə dərəcədə kömək edəcək?
– Əlbəttə, bu bir neçə günlük fasiləyə ehtiyacımız var. Çünki qrafikimiz çox sıx idi. Ancaq noyabr və dekabr aylarında bizi daha da ağır təqvim gözləyir. Mən dəfələrlə demişəm ki, biz bu turnirdə, Çempionlar Liqasında iştirak etmək istəyirdik və bunun asan olmayacağını bilirdik. Belə olan halda şəraitin və müxtəlif amillərin işimizi asanlaşdırmasını gözləyə bilmərik. Özümüz həmin səviyyəyə yüksəlməli, daha da güclənməliyik. Hər oyun bizə təcrübə qazandırır, gələcəkdə bizi nələrin gözlədiyini anlamağa və buna hazırlaşmağa kömək edir.
– Hava şəraiti bugünkü oyuna və nəticəyə nə dərəcədə təsir göstərdi? Çünki topun trayektoriyasını idarə etmək çətin idi.
– Bu, hər iki komanda üçün eyni idi. Birinci hissədə bir komanda küləyə qarşı oynayırdısa, ikinci hissədə digər komanda eyni vəziyyətlə üzləşdi. Mən buna xüsusi diqqət yetirmirəm. Futbolçular yaş örtüyə, yağışa, küləyə və digər şəraitə uyğunlaşmalıdırlar. Futbol istənilən meydançada və müxtəlif hava şəraitində oynanılır. Çərşənbə günü süni örtüklü meydançada çıxış etdik, bu gün isə təbii örtükdə oynadıq. Biz peşəkarıq və bütün bu şərtlərə uyğunlaşmalıyıq. Düşünmürəm ki, hava şəraiti hesabın formalaşmasına hər hansı təsir göstərdi.
– “Sabah” üçün çətin həftə geridə qaldı. Sıx qrafikdən sonra futbolçuların, xüsusilə də qarşıdakı Çempionlar Liqası oyunlarını nəzərə alsaq, fiziki vəziyyətini necə qiymətləndirirsiniz?
– Qarşıdakı oyunlar üçün indidən nəyisə qiymətləndirməyin mənası yoxdur. Çünki futbolçularımız milli komandalara yollanacaqlar. Onların hansı vəziyyətdə geri dönəcəklərini bilmirik. Burada qalan oyunçular istirahət edəcəklər, amma milli komandaya gedən futbolçuların vəziyyətinə nəzarət edə bilmərəm. Bəli, qrafikimiz çox sıx idi. Unutmayın ki, ötən cümə günündən başlayaraq səfərə getdik, geri qayıtdıq, daha sonra Norveçə uçduq. Cümə axşamı səhər saat 10 radələrində geri döndük. Bütün gecəni təyyarədə keçirmək asan deyil. Təbii ki, bu, futbolçulara təsir edir. Bəziləri daha çox, bəziləri isə nisbətən az yorulub. Ancaq hamısı əlindən gələni etməyə çalışır. Bu gün də kifayət qədər qol imkanları yaratdığımızı düşünürəm. Başqa bir gündə həmin fürsətlərdən yararlana bilsəydik, nəticə fərqli ola bilərdi. Oyunun gedişatını xatırlayın: hesab 2:1 olarkən Severina və Karlos Eduardonun yüzfaizlik qol imkanı var idi. Sadəcə, topu qapıya göndərmək lazım idi, amma bunu bacarmadıq. Həmin epizodda hesabı 3:1 etsəydik, “Şamaxı”nın geri dönəcəyini təsəvvür etmək çətin olardı. Lakin qol vura bilmədik, növbəti hücumda isə rəqib irəli çıxdı və biz qol buraxdıq. Futbolda belə hallar olur. Çempionatda cəmi 10 oyun keçirmişik, yəni mövsümün üçdəbirindən də az hissəsi arxada qalıb. Qarşıda çoxlu oyun və qazanılacaq xallar var. İndi əsas məqsədimiz diqqətimizi qorumaq, futbolçuların bərpasını təmin etmək və bizi noyabr-dekabr aylarında gözləyən çox çətin dövrə hazırlaşmaqdır.
– Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsız və ya təhlükə hiss edirsiz?
– “Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.
– “Vikinq”lə oyunda Abdulax Xaybulaev 10 nömrə mövqeyində çıxış etmişdi. Onu daha əvvəl də bu mövqedə sınamışdınız? Gələcək oyunlarda bu variantdan istifadə etməyi düşünürsünüz?
– Bilmirəm, bu suala necə tərcümə ediləcək, amma futbolda hər şeyi sadəcə “10 nömrə” mövqeyi ilə izah etmək düzgün deyil. Burada hibrid və asimmetrik sistemdən, rəqibin oyun üslubuna uyğun dəyişən tapşırıqlardan söhbət gedir. Məsələn, rəqib müdafiədə fərdi mübarizə aparırsa, buna uyğun davranmalısınız. Xaybulaevin hücumda yerinə yetirdiyi tapşırıqlar müdafiədəki vəzifələrindən tamamilə fərqli idi. Oyuna baxsanız, onun sadəcə 10 nömrə mövqeyində çıxış etmədiyini görərsiniz. Hücumda bir, müdafiədə isə tamam başqa tapşırıqları var idi. Ötən mövsüm dekabrın 18-də Masazırda “Qarabağ”la keçirdiyimiz oyunda da buna çox bənzər planımız var idi. Həmin qarşılaşmaya da Xaybulaevlə bu mövqedə başlamışdıq. O, təxminən 60-65-ci dəqiqəyə qədər meydanda qaldı, daha sonra İsayev meydana daxil oldu. Həmin vaxt da oxşar planla çıxış etmişdik və “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etmişdik. “Vikinq”lə oyuna gəlincə, qırmızı vərəqəyə qədər mübarizənin içində idik. Hətta penalti epizodundan sonra hesabda geri düşsək də, oyundan qopmamışdıq. İrəli çıxır, rəqibə təzyiq göstərir, pressinq edir və qol imkanları yaratmağa çalışırdıq. Lakin 10 nəfərlə qalmaq, üstəlik, qısa müddətdə daha bir qol buraxmaq çox çətindir. Futbolu həddindən artıq sadələşdirərək qiymətləndirməməliyik. Məsələn, futbolçunun GPS göstəricilərinə baxıb 12 kilometr qaçdığını görmək onun yaxşı oynadığı anlamına gəlmir. Oyunçu 12 kilometr qaça bilər, amma ona verilən tapşırıqları yerinə yetirməyibsə, deməli, yaxşı çıxış etməyib. Məsələ 10, 8 və ya 6 nömrə mövqeyində oynamaqdan ibarət deyil. Futbolçunun hücumda və müdafiədə konkret tapşırıqları olur. Tövsiyə edirəm ki, oyunun birinci hissəsinə yenidən baxasınız və Xaybulaevin həm hücumda, həm də müdafiədə nə etdiyini diqqətlə izləyəsiniz. Onun tapşırıqları necə yerinə yetirdiyini gördükdən sonra bu mövzuya daha düzgün qiymət vermək olar. Əgər yenə də onun hücumda 10 nömrə kimi oynadığını düşünürsünüzsə, oturub bu taktiki məqamları ətraflı müzakirə edə bilərik. Amma onun çıxışını sadəcə “10 nömrə oynadı” cümləsi ilə izah etmək düzgün olmaz.



No Comment! Be the first one.