"Sabah"ın futbolçusu Levandovskinin müdafiəsinə qalxdı
“Sabah” klubunun futbolçusu Timoteuş Puxaç Polşa millisindəki komanda yoldaşı Robert Levandovskinin müdafiəsinə qalxıb.
Sportify.az-ın məlumatına görə, bu barədə 27 yaşlı müdafiəçi Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra “Fakt” nəşrinə açıqlama verib.
Levandovski görüş ərzində qapıya bir dəfə də zərbə endirməyib, 17 dəfə top itkisinə yol verib. Buna baxmayaraq, 38 yaşlı hücumçu 87 dəqiqə meydanda qalıb.
Mütəxəssislər Polşa millisinin kapitanının daha erkən əvəzlənməli olduğunu bildiriblər. Görüşü sonadək ehtiyat oyunçular skamyasından izləmiş Puxaç isə komanda yoldaşının meydanda qalmasını belə izah edib: “Bəlkə də hesab fərqli olsaydı, daha tez meydandan çıxardı. Belə nəticə zamanı o, əzmkarlıqla oynadı. Bu əzmkarlıq ona meydanı tərk etməyə imkan vermədi. Bilirdi ki, oyunun sonlarına doğru daha çox imkan yaranacaq və top onun qarşısına düşərsə, fürsətlərdən birini qola çevirə bilər. Əvvəllər çox şansı olmadı, ona görə də uyğun anı gözləyirdi”.

Puxaç sıx oyun qrafikinə görə Levandovskinin qarşıdakı matçlarda daha az oynaya biləcəyini də deyib. O, fikrinin sonunda kapitanla bağlı zarafat etməyi də unutmayıb: “Qarşıdakı oyunlarda istirahət etməli olacaq, çünki oyunların sıxlığı çox böyükdür. Həm də artıq ən gənc deyil. Onun düz 23 yaşı var”.
Cinah müdafiəçisi bu sözləri ilə 38 yaşlı Levandovskini zarafatla 15 yaş “cavanlaşdırıb”.
Qeyd edək ki, Polşa millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 28-də İsveçə qarşı keçirəcək.



No Comment! Be the first one.