Şablondan kənar çıxış və rəqəmlərin danışdığı Azərbaycan cüdosu
Beynəlxalq idman yarışlarının açılış mərasimlərində adətən oxşar çıxışlar eşidirik: qonaqlar salamlanır, iştirakçılara uğurlar arzulayır, yarışın əhəmiyyətindən və ev sahibliyindən danışılır.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılışında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevin çıxışı isə bir qədər fərqli istiqamətə getdi.
O, cüdodan sadəcə idman nəticəsi kimi danışmadı.
“Cüdo yalnız tatami üzərində mübarizə deyil, həm də hörmət, cəsarət və dostluq fəlsəfəsidir”.
Ardınca isə cüdo zalına gələn uşaqların hamısından gələcəyin çempionunu görməyin əsas məqsəd olmadığını dedi. Əsas məqsədin həm də cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək olduğunu vurğuladı.
Bu fikirlər əslində Azərbaycanın idman siyasətində cüdonun yerinə baxmaq üçün yaxşı başlanğıcdır.
Çünki Azərbaycanda idmanın inkişafı ayrı-ayrı federasiyaların özbaşına apardığı fəaliyyət deyil. İdman dövlət siyasətinin istiqamətlərindən biridir. Dövlət bu siyasət üçün şərait yaradır, federasiyalar isə konkret idman növlərində həmin siyasətin həyata keçirilməsində əsas qurumlardan biri kimi çıxış edir.
Cüdo Federasiyası da onlardan biridir.
Bu baxımdan son illərin rəqəmlərinə baxmaq kifayətdir.
Müstəqil Azərbaycanın cüdoda 4 Olimpiya çempionu var: Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev.
Dünya çempionlarının sayı da bu gün 4-ə çatıb: Elxan Məmmədov, Hidayət Heydərov, Zelim Kotsoyev və Bakıda keçirilən dünya çempionatının ilk günündə 60 kq-da qızıl medal qazanan Əhməd Yusifov.

Burada başqa bir rəqəm də diqqət çəkir.
Azərbaycanın 4 Olimpiya çempionunun ikisi – Hidayət Heydərov və Zelim Kotsoyev – 2024-cü ildə Parisdə bu titulu qazanıb.
4 dünya çempionunun isə 3-ü son dörd il ərzində müəyyənləşib.
Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə 2021-ci ilin noyabrında seçilib.
Bu rəqəmləri birbaşa bir şəxsin adına yazmaq nə doğru olar, nə də idman reallığına uyğun gələr. Çünki yüksək nəticənin arxasında idmançı, məşqçi, klub, hazırlıq sistemi, federasiya, maliyyə və dövlət dəstəyi daxil olmaqla bir çox amil var.
Amma federasiyanın rolunu da kənara qoymaq mümkün deyil.
Dövlət siyasətinin konkret idman növündə nəticəyə çevrilməsi üçün həmin idman növünü idarə edən qurumun işi, strukturu və fəaliyyəti də önəmlidir.
Nəbiyevin çıxışında “cüdo zalına qədəm qoyan hər bir uşaqda təkcə gələcəyin çempionunu yox, ilk növbədə, cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək” fikri də bu baxımdan maraqlıdır.
Çünki burada söhbət yalnız medal qazanmaqdan getmir.
Bir uşağın cüdo zalına gətirilməsi, onun idmanda saxlanılması, intizam və rəqabət mühitində böyüməsi də dövlətin idman siyasətinin nəticələrindən biridir. Onların içərisindən dünya və Olimpiya çempionlarının çıxması isə həmin prosesin ən görünən tərəfidir.
Bu gün Azərbaycan cüdosunun statistikasında 4 Olimpiya, 4 dünya çempionu var.
Bu rəqəmlər nə bir nəfərin şəxsi uğurudur, nə də bir gündə yaranıb. Bunun arxasında illərlə aparılan dövlət siyasəti, yaradılmış idman infrastrukturu, məşqçi məktəbi, federasiya fəaliyyəti və idmançıların əməyi dayanır.
Rəşad Nəbiyevin açılış mərasimindəki çıxışının fərqli tərəfi də burada idi: o, federasiyanın fəaliyyətini yalnız medal və nəticələrlə izah etmədi, cüdonun sosial və tərbiyəvi tərəfinə də toxundu.
Bunu pafosla təqdim etməyə ehtiyac yoxdur.
Çünki rəqəmlər onsuz da kifayət qədər maraqlı mənzərə yaradır.
Müstəqil Azərbaycanın cüdoda 4 Olimpiya çempionu var. Onlardan ikisi son Olimpiadada çempion olub. 4 dünya çempionunun üçü isə son dörd ildə müəyyənləşib.
Və bu gün Bakıda həmin siyahıya daha bir ad əlavə edildi: Əhməd Yusifov.
Dünya çempionatı hələ davam edir. Deməli, rəqəmlər də hələ dəyişə bilər.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.