“Şahdağ Qusar”ın prezidenti: Büdcəmiz və stadionumuzun tutumu artırılıb – MÜSAHİBƏ
I Liqada mübarizə aparan “Şahdağ Qusar” II turun açılış turunda “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra Qusar klubunun prezidenti Samir Xeyirbəyov Sportify.az-a müsahibəsində komandasının qələbəsini dəyərləndirib, mövsüm üçün qarşıya qoyulan hədəfdən danışıb.
Klub rəhbəri “Şahdağ Qusar”ın büdcəsinin ötən mövsümlə müqayisədə 3 dəfə artırıldığını, komandanın çempionluq uğrunda mübarizə aparacağını bildirib.
Xeyirbəyov, həmçinin Şövkət Orduxanov adına Qusar şəhər stadionunun yenidən tikintisi ilə bağlı son vəziyyəti açıqlayıb:
– Oyundan nə dərəcədə razı qaldınız?
– “Karvan-Yevlax” bizim üçün önəmli rəqiblərdən biri idi. Ona görə matça ciddi hazırlaşmışdıq. Ümumi analiz etsək, fikrimcə, oyun çox gözəl keçdi. “Şahdağ Qusar” komandasında oyunun təşkilatçılığı və qurulması çox yüksək səviyyədə idi. Əlbəttə, buna görə də qələbə qazandıq.
Bu mövsüm hədəfimiz çempion olaraq Premyer Liqaya yüksəlməkdir. Buna görə yayda çox ciddi hazırlıq keçmişik və müəyyən transferlər etmişik. Əsas təşəkkürümü komandanın baş məşqçisi Füzuli Məmmədova, sonra isə bütün oyunçulara bildirirəm. Oyundan razı qaldım.
– Önəmli dəyişikliklər etdiyinizi dediniz. Komandanın gücləndirilməsi baxımından maddi amillər nə dərəcədə rol oynayıb?
– Əlbəttə, maddi dəyişikliklər var. Bu mövsüm büdcəmiz keçənilkindən 3 dəfə artıqdır. Ona görə də gətirdiyimiz oyunçular, onlar üçün yaratdığımız şərait, oyundan əvvəl oteldə qalmaları, dincəlmələri, mövsümdən öncə təlim-məşq toplanışının keçirilməsi də həmin büdcəyə daxildir.
– Azarkeşlər bizə yaxınlaşaraq Şövkət Orduxanov adına Qusar şəhər stadionunun yarımçıq qalan tikintisinin hələ də bərpa edilməməsi ilə bağlı narahatlıqlarını bildirdilər. Klub rəhbəri olaraq stadionun nə vaxt hazır olacağı, işlərin nə vaxt başlayacağı barədə nə deyə bilərsiniz?
– Apreldə gənclər və idman naziri Fərid Qayıbov Qusara gəlmişdi. Birlikdə stadionu gəzdik və layihəni müzakirə etdik. Orada gedən müzakirəyə əsasən, avqustun sonlarınadək layihə dəyişikliklər edilməklə tamamlanmalı, sentyabrın 15-dən sonra isə təmir işlərinə başlanılmalı idi. Bizdə olan məlumata görə, artıq başlayırlar. Cənab nazir bizə o zaman növbəti mövsümə, yəni 2027-ci ilin sentyabrına qədər stadionun hazır olacağı barədə məlumat vermişdi. Yəni stadion bu mövsüm yox, növbəti mövsümə hazır olacaq.

– Bəs ev oyunlarınızı harada keçirəcəksiniz?
– Cari mövsümün sonunadək rəqiblərimizi Binə qəsəbə stadionunda qəbul edəcəyik.
– Qusar şəhər stadionunun tutumunda hansı dəyişikliklər edildi?
– Layihədə əsas dəyişiklik tamaşaçı sayına görədir. Təxminən 10 min nəfərə yaxın tamaşaçı olacaq və stadion beynəlxalq standartlara uyğun hazırlanacaq. Lazım olduğu təqdirdə, milli komandanın da oyunlarının orada keçirilməsi nəzərdə tutulur.
– Demək olarmı ki, “Şahdağ Qusar”ın çempionluq yolunda əsas rəqibi “Karvan-Yevlax”dır, yoxsa “Səbail”i də bu sıraya qatmaq olar?
– Biz I Liqadakı bütün komandaların transferlərini izləmişik. Həm “Karvan-Yevlax”ı, həm də “Səbail”i analiz etmişik. Bəli, “Səbail”in də müəyyən sayda güclü transferləri var. Əlbəttə, güclü rəqib kimi yanaşa bilərik. Fikrimcə, I Liqadakı 10 komandadan 4-ü — MOİK, “Karvan-Yevlax”, “Səbail” və “Şahdağ Qusar” arasında çempionluq uğrunda mübarizə gedəcək.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.