Seyxan Fərəcov: İstəmədilər, getdim, bombardir kimi qayıtdım - MÜSAHİBƏ
“İmişli”nin futbolçusu Seyxan Fərəcovun “Şəfa”nı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının III tur matçından sonra Sportify.az-a müsahibəsi
– Oyunu necə dəyərləndirirsiniz?
– “Şəfa” ötən tur “Qəbələ”ni məğlub etmişdi. Biz də bu oyuna qələbə üçün çıxmışdıq və qalibiyyəti çox istəyirdik. Sevinirik ki, istəyimizə nail olduq.
– I Liqada da çıxış etmisiniz. Premyer Liqa ilə aradakı səviyyə fərqi nə qədərdir?
– Əlbəttə, oyun tempində, futbolçuların keyfiyyəti baxımından səviyyə fərqi çoxdur. Amma adaptasiya olmağa çalışıram.
– “İmişli”nin legionerləri ilə rəqabət sizə çətinlik yaratmır?
– Xeyr, özümə inanıram. Hər gün daha da çox çalışıram ki, komandaya tezliklə uyğunlaşım, ya eyni səviyyədə, ya da onlardan daha güclü olum.

– Əcnəbi futbolçular komandanı nə dərəcədə gücləndirə biliblər?
– Əlbəttə, sayları az olsa da, keyfiyyətlidirlər. Həm yerli, həm də legionerlərdən komplektləşmiş yaxşı və keyfiyyətli komandamız var. “Şəfa” ilə qarşılaşmaya 7 yerli oyunçu ilə çıxmışdıq. Bu isə o deməkdir ki, kim güclüdürsə, o da oynayacaq.
– Bəzən deyirlər ki, legionerləri yerlilərin baxıb onlardan nə isə öyrənmələri üçün gətirirlər. Siz əcnəbi futbolçulardan öyrənə bilirsinizmi?
– Bəli. Hücumçumuz Dioqo Almeyda keyfiyyətlidir, Portuqaliyanın “Benfika” klubunun məktəbini keçib. Məşqdə də yaxşı təsir bağışlayır. Ondan bacardığım qədər nə isə götürməyə çalışıram.
– Qolunuz baxımlı alındı. Mümkünsə, epizodu özünüz şərh edərdiniz…
– Qol vuracağımı hiss edirdim. Çünki çox çalışır, müddətindən artıq məşqlər edirəm. Hər bir hazırlıq prosesində 100 faizimi ortaya qoyuram. Əsas heyətdə olsam da, meydana ehtiyatdan daxil olsam da, əlimdən gələni əsirgəmirəm. Bu, karyeramda ən vacib qolum idi. İnanıram ki, daha da vacib qollar vuracağam. Bəzən düşünürlər ki, I Liqadan gəlmiş hücumçu elə aşağı liqa oyunçusu kimi qalacaq. Bu gün də sübut etdim ki, I Liqada bombardir olduğum dövr arxada qaldı. Milli komandaya düşmək kimi daha da böyük məqsədlərim var. Daha çox çalışmalı, daha çox qol vurmalıyam ki, milli səviyyəsinə çatım.
– Bəs Premyer Liqada bombardirlər siyahısına düşməyə necə baxırsınız?
– (gülür – red.) Əlbəttə, hər bir hücumçunun məqsədi bombardir olmaqdır. Mən də çalışıram ki, ilk mövsümümdə 7-8 qol vurum. Gələcəkdə isə kim bilir, bəlkə də Premyer Liqanın bombardiri olacağam.

– Son illər bombardirlər siyahısında legionerlərin çoxluq təşkil etməsi heç də yaxşı mənzərə deyil. Onların arasına 1-2 yerli futbolçu çətinliklə düşür…
– Çünki klublarımız hücumçu mövqeyində legionerlərə üstünlük verirlər. Amma “Şəfa”ya qarşı iki hücumçu ilə çıxmışdıq. Forvardlardan biri mən idim. Bu isə o deməkdir ki, baş məşqçimiz Fərid Namazov mənə güvənir. Fərdi söhbətlər zamanı da bildirir ki, yaxşı olsam, oynayacağam, əks halda, kənarda qalacağam. Bu oyunda da mənə inandı və qələbə topunu vurdum. İnanıram ki, ardı da gələcək.
– Növbəti görüşünüz “Qəbələ”yə qarşı olacaq. Nə gözləyirsiniz?
– Bu da vacib oyunlarımızdan biridir. Çünki rəqibin hələ qolu və qələbəsi yoxdur. Bizimlə oyuna qalibiyyət üçün çıxacaqlar. Başqa yolları yoxdur. Biz də meydana qələbədən ötrü çıxacağıq. “Şəfa” ilə oyunda əldə etdiyimiz 3 xal bizim üçün daha da yaxşı olmaq və ardını gətirmək baxımından motivasiyadır.
– Sizcə, komandanızın potensialı nə qədərdir?
– Həmişə artırmaq istəyirik. Məşqlərdə daha çox çalışır, xeyli əziyyət çəkirik. Hücum futbolu oynayırıq. “Şəfa”ya qarşı matçda ilk qoldan sonra da 3-4 yüzfaizlik imkanımız oldu. Bir epizodda zərbəm qapı dirəyinə dəydi. Dioqo Almeyda və Juninyo da fərqlənə bilərdi. Bütün bunlar onu göstərir ki, biz qol vurandan sonra müdafiəyə oturmuruq. Daha da çox hücum etmək və qol vurmaq istəyirik.

– “İmişli” V turda Yevlax şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Yevlax İmişliyə məsafəcə daha yaxındır. Bu baxımdan, azarkeşlərə sözünüz varmı?
– I Liqada ikən “İmişli”nin bombardiri olmuşam. Premyer Liqaya çıxanda isə komandada qalmamışdım. Amma inanırsınız, hər gün sosial şəbəkələr vasitəsilə mənə yazırdılar və “Səni istəyirik” deyirdilər. Onların mənə güvəncləri sonsuzdur. Oyuna çıxanda da bunu gördüm. Onları daha çox sevindirməyə çalışacağıq. Bütün oyunlara qələbə üçün çıxacağıq.
– “İmişli”də qalmamağınız portuqaliyalı keçmiş baş məşqçi Jorje Kaşkilyaya görə oldu?
– Yəqin ki. Mən o söhbətlərə qarışmıram. İstəmədilər, getdim MOİK-ə. Qarşıma məqsəd qoydum ki, Premyer Liqaya dönüm. Amma I Liqanın bombardiri kimi qayıtdım.



No Comment! Be the first one.