Sxadadze məğlubiyyəti şərh etdi
Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edən “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze avrokuboklarda növbəti mərhələyə yüksələn “Sabah” və “Qarabağ”a uğurlar arzulayıb.
Sportify.az xəbər verir ki, gürcüstanlı mütəxəssis Misli Premyer Liqasının I turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.
K.Sxadadze matçın bərabər mübarizə şəraitində keçdiyini bildirib: “Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə səhv etdik və rəqib bundan yararlanaraq fərqləndi. Bundan başqa, “Turan Tovuz”un ciddi qol epizodları olmadı.
İkinci hissədə rəqibi sıxdıq, təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq”.
Baş məşqçi “Qəbələ”nin azarkeşlərinə də təşəkkür edib: “Uzaq məsafə qət edərək Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular”.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının I turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.