"Səfərdə oynamaq daha çətindir" - Azər Bağırov
“Bu gün bir xal qazandıq. İrəliləyirik və önə baxırıq”.
Sportify.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının V turunda “Sumqayıt”la səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən düşündüklərini bildirib: “Bir neçə oyundur səfərdə oynayırıq. Uşaqlar həm birinci, həm də ikinci hissədə yaxşı oyun göstərdilər. Cüzi səhvdən qol buraxdıq. Bu da normaldır, futbolda belə səhvlər olur. Çalışıb daha yaxşı olmalıyıq. Ən sevindirici məqam o idi ki, uşaqlar hətta qol vurduqdan sonra da qələbə üçün can atırdılar. Əslində, mənim istədiyim futbolu göstərmək istəyirlər”.
Bağırov komandanın ardıcıl səfər oyunlarından sonra evdə meydana çıxmasının psixoloji baxımdan çətinlik yaradacağını düşünmədiyini söyləyib: “Psixoloji tərəfdən düşünmürəm ki, böyük sıxıntımız olsun. Əlbəttə, bunu “Araz-Naxçıvan”la oyun göstərəcək. Ondan sonra daha yaxşı biləcəyik ki, bu, psixoloji amil idi, yoxsa hər hansı səhvlərdən irəli gəlirdi. Düşünürəm ki, elə bir şey yoxdur. Çünki səfərdə oynamaq evdə, azarkeşlərimizin önündə oynamaqdan daha çətindir”.
Baş məşqçi mövsümə uğurlu startın davamını gətirmək üçün əvvəlki təcrübəsindən nəticə çıxaracağını vurğulayıb: “Hamı səfərdən nəticə çıxarır. Mənim də həmin dönəmdə baş məşqçi kimi bəzi səhvlərim var idi. Daha yaxşı olmağa çalışacağıq. Həmin səhvlərin üzərində işləyəcəyik”.



No Comment! Be the first one.