Tahir Abdullayev: Arzum UFC-də çempion olmaqdır
UFC-də (Mütləq Döyüş Çempionatı) növbəti qələsini qazanan Tahir Abdullayev onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, 29 yaşlı idmançı əvvəlcə fikirlərini bölüşüb:
– Döyüş əla keçdi. Planlarımızın hamısını yerinə yetirdik. Əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Əslində, döyüşü ikinci raundda bitirməyi planlaşdırırdıq. Lakin bu, alınmadı və üçüncü raundadək mübarizə apardıq. Hər üç raundda üstünlük bizdə idi.
– Bakıdakı qələbəndən sonra özünü əla hiss etdiyini bildirmişdin. UFC-də ikinci qələbəni qazandıqdan sonra özünü necə hiss edirsən?
– Özümü super hiss edirəm. İnsanın uşaqlıqdan arzuları, sevdiyi məşğuliyyətlər olur. İnanın ki, 15 yaşımdan məşq edirəm. UFC ilə böyümüşəm. Bu təşkilata gəlib qələbə qazanmaq mənim üçün böyük arzularımdan biri idi. Ona görə də hazırda özümü çox yaxşı hiss edirəm.
– Bu dəfə Ruslan Əfəndiyev sənin küncündə deyildi. Bunun səbəbi nə idi?
– Ruslan Əfəndiyev Bakıdakı döyüşdə küncümdə idi. Bu dəfə isə öz komandamla çalışdım. Mən Moskvada yaşayıram və orada öz komandam var. Mübariz İbrahimov adına klub açmışıq. Həmin klubdakı idmançılarımız və məşqçilərimiz daim mənimlə birlikdə olurlar.
– Dağıstan və Çeçenistan təmsilçiləri ilə münasibətlərin necədir? Ümumiyyətlə, döyüşə hazırlıq prosesin necə keçdi?
– Mənim əsas bazam sərbəst güləşdir. Döyüş sambosu ilə də məşğul olmuşam. Dağıstan və Çeçenistan, ümumilikdə Qafqaz xalqları mənə hər zaman yaxın olub. Bu səbəbdən həmin bölgədən olan çoxlu döyüşçünü tanıyıram. Hazırlıq prosesinin birinci mərhələsini Bakıda, ikinci mərhələsini isə Dağıstanda, Mahaçqalada keçirdim. Orada iki-üç həftə qaldım, daha sonra döyüşə çıxdım.
– Döyüşdən əvvəl çəki məsələsində problem yaşamışdın. Bunun səbəbi nə idi?
– Çəki məsələsində müəyyən çətinliklər oldu. Nədənsə proses zamanı səhvlərə yol verdik. Yəqin ki, pəhrizlə bağlı müəyyən yanlışlıqlar var idi. Əslində, çəki salmaq mənim üçün həmişə çətin olub. Amma şükürlər olsun ki, prosesi başa vura bildim. Səhər saat 8-dən 9-a qədər, demək olar ki, bir saat salonda oldum, amma cəmi 50 qram çəki itirdim. Mənə deyilirdi ki, təxminən bir kiloqram artıq çəkin var. Əslində isə 450 qram artıq çəki qalırdı. Həmin 450 qramı salmaq üçün əlimdən gələni etdim. Çox ağır proses idi.
– Döyüşdəki performansından razı qaldınmı?
– Əlbəttə. Təkcə mən yox, məşqçilərim də çıxışımdan razı qaldılar. Döyüş çox yaxşı keçdi. Tələsmədən, ehtiyatlı və düşünülmüş şəkildə mübarizə apardıq.
– Üçüncü raunddan əvvəl rəqibinlə aranızda maraqlı epizod yaşandı. Həmin anı və döyüşdən sonra bir-birinizin əlini qaldırmağınızı necə izah edərdin?
– Rəqibim döyüşdən sonra əlimi qaldırdı. Üçüncü raundda isə özüm də müəyyən bir hərəkət etmək istədim. Döyüş çox maraqlı alınmışdı. Bir qədər fərqli atmosfer yaratmaq istədim. Ümumiyyətlə, belə məqamlar döyüşün özünəməxsus hissəsidir.
– Növbəti döyüşündə hansı rəqiblə qarşılaşmaq istərdin?
– Rəqibləri və döyüşün keçiriləcəyi yeri biz seçmirik. İdmançılar sadəcə hansı tarixlərdə döyüşə hazır olduqlarını bildirirlər. Daha sonra təşkilat bizə döyüş təklif edir və rəqib müəyyənləşdirilir. Növbəti döyüşümün mart ayında olmasını istərdim. Həmçinin Azərbaycanda, Bakıda döyüşmək arzum var. Rəqibimin kim olacağını bilmirəm, amma reytinqdə ilk 15-likdə yer alan idmançılardan biri ilə qarşılaşmaq istərdim.
– Növbəti döyüşə qədər performansında hansı məqamlar üzərində işləməyi planlaşdırırsan?
– Məşq prosesim ümumilikdə eyni qalacaq. Əlbəttə, hər şey rəqibdən asılıdır. Qarşımızda güləşçi varsa, hazırlıq prosesində müəyyən dəyişikliklər edirik. Ruslanla birlikdə rəqibin döyüşlərini təhlil edirik. Növbəti qarşılaşmaya təxminən iki-üç ay qalmış hazırlığa başlayırıq və rəqibin xüsusiyyətləri üzərində işləyirik. Bu döyüşdə də rəqibin hansı zərbələri vuracağını, zərbələrdən sonra necə hərəkət edəcəyini və üçüncü raundda fiziki vəziyyətinin necə olacağını əvvəlcədən təhlil etmişdik. Məşq sistemimdən razıyam. Sadəcə, daha çox məşq etmək istərdim.
– Əvvəlki açıqlamalarından birində sənə göstərilən diqqət və dəstəyin səviyyəsindən narazı olduğunu bildirmişdin. Bu barədə daha ətraflı danışa bilərsən?
– Dəstək olan hər kəsə təşəkkür edirəm. Sadəcə, sosial şəbəkələrdə bizə maksimum dəstək göstərilməsini istərdim. Bəzi insanlar və media nümayəndələri idmançıları yalnız məğlubiyyətdən sonra gündəmə gətirirlər. Məsələn, Fərman Həsənov məğlub olan kimi çoxsaylı paylaşımlar gördüm. Azərbaycandakı saytların əksəriyyəti onun ikinci döyüşündə məğlub olmasından yazdı. Amma döyüşdən əvvəl və ya qələbə qazandıqdan sonra eyni diqqəti görməmişdik. İstərdim ki, idmançılarımıza yalnız məğlubiyyətdən sonra deyil, döyüşdən əvvəl də dəstək göstərilsin. Uğurlar arzulamaq, döyüşümüzü izləmək belə bizim üçün böyük motivasiyadır. Biz ilk növbədə özümüz üçün döyüşürük. Amma eyni zamanda Azərbaycanı və ölkəmizin bayrağını təmsil edirik. Buna görə də xalqımızın dəstəyi bizim üçün çox önəmlidir.
– Döyüşdən sonra bildirmişdin ki, gördüyümüz performans sənin imkanlarının yalnız 50 faizidir. Sənin 100 faizlik hazırlığını nə vaxt görə biləcəyik?
– Bunu demək çox çətindir. Mən öz potensialımı və nəyə qadir olduğumu özüm daha yaxşı bilirəm. Hər şey vaxtdan, hazırlıq prosesindən və zədələrdən asılıdır. İdmanda zədələr çox olur. Bu döyüşə hazırlıq zamanı da müəyyən problemlər yaşadıq. Sağalma prosesində çətinliklər oldu, çəki salmaqda da problemlə qarşılaşdım. Bütün bunlar hazırlığa təsir edir. Bədənin də müəyyən həddi var. Bəzən inkişaf davam edir, bəzən isə müəyyən mərhələdə dayanır. Ona görə də 100 faizlik performansımı nə vaxt göstərəcəyimi indidən söyləmək çətindir. İnşallah, hər döyüşdə performansımı 5-10 faiz artırmağa çalışacağam.
– Bu yolun sonunda UFC çempionluğu dayanır?
– İnşallah, bu bizim nəsibimiz və qismətimizdirsə, mütləq olacaq. Biz də bunun üçün çalışırıq. Mənim həmişə UFC-yə düşmək arzum olub və buna nail oldum. Daha sonra burada döyüşləri qazanmaq istəyirdim. Hazırda həmin məqsəd istiqamətində irəliləyirik. Qarşıda hələ çox arzularımız və hədəflərimiz var. İnşallah, onları da reallaşdıracağıq.
– Sənin və UFC-də döyüşən digər azərbaycanlı idmançıların sayəsində ölkəmizdə MMA-ya maraq artıb. Gələcəkdə karyeranı başa vurduqdan sonra bu idman növünün Azərbaycanda inkişafı və yeni döyüşçülərin yetişdirilməsi üçün çalışmağı düşünürsən?
– Biz bununla karyeramız başa çatdıqdan sonra deyil, elə indidən məşğul oluruq. Artıq öz idmançılarımız və gənc nəsil var. Onların inkişafı üçün çalışırıq. Məqsədimiz yeni döyüşçülərin yetişməsinə kömək etməkdir.
– Döyüşlə bağlı maliyyə məsələsində, qonorarının 20 faizinin tutulması ilə bağlı məlumatlar yayılmışdı. Bu məsələ sənə motivasiya baxımından təsir etmişdimi?
– Bu, elə də böyük problem deyil. Bizim üçün əsas məsələ döyüşməkdir. Belə hallar olur, amma buna görə narahat deyilik. Sadəcə, 20 faiz məsələsi var. Ümid edirəm ki, müəyyən şirkətlər bu məsələnin həllinə kömək edərlər.
– Hazırkı müqavilənə əsasən, UFC-də daha iki döyüş keçirməlisən. Daha yaxşı maliyyə şərtləri təklif olunsa, təşkilatda qalmaq istəyərsən?
– Əlbəttə. UFC dünyanın ən böyük idman liqalarından biridir. Bu təşkilatda qalmaq hər bir döyüşçü üçün önəmlidir. Mənim üçün əsas məsələ təkcə 20 faiz deyil. İki döyüşdən sonra müqaviləmin yenilənməsini istəyirdim. İlk döyüşüm şou xarakterli idi. Həmçinin çəki limitinin artırılması ilə bağlı maliyyə şərtlərində müəyyən dəyişikliklər olmalı idi. Amma mənə bildirdilər ki, növbəti döyüşdən sonra müqavilə yenilənəcək. İndi həmin müddəti gözləyirik.
– Azərbaycanda keçiriləcək futbol oyununa baxacaqsan? Qarşılaşma ilə bağlı fikirlərin necədir?
– Əlbəttə. Sosial şəbəkələrdə gördüm. Mən “Barselona”nın azarkeşiyəm. Orada Messi oynadığı üçün bu komandaya azarkeşlik etmişəm. Amma Azərbaycanda olsaydım, Messi özü də gəlsəydi, hava limanına onu qarşılamağa getməzdim. Öz millətimin, dövlətimin yanında olardım. Millətimi dəstəkləməyi seçərdim. Gənclərimizə də demək istəyirəm ki, öz milli komandamıza və ölkəmizin təmsilçilərinə daha çox dəyər verməliyik.
– Sən uzun illərdir MMA ilə məşğulsan. UFC-nin Bakıda keçirilməsinin Azərbaycanda bu idman növünün inkişafına necə təsir etdiyini düşünürsən?
– Azərbaycanda inkişaf var, amma çox zəif sürətlə gedir. İlk növbədə, nazirliyə və bu işdə əməyi olan şəxslərə UFC-ni Azərbaycana gətirdikləri üçün təşəkkür etmək istəyirəm. UFC-nin ölkəmizə gəlməsi azərbaycanlı döyüşçülərə marağı artırdı. Artıq altı idmançımız UFC-də təmsil olunur. Bu turnirin Azərbaycanda keçirilməsi bizim döyüşçülər üçün böyük imkanlar yaratdı. Əvvəllər UFC əlçatmaz görünürdü. Bu təşkilatın adını eşidəndə düşünürdük ki, biz hara, UFC hara? İndi isə altı azərbaycanlı döyüşçü bu liqada mübarizə aparır.UFC-nin Azərbaycanda keçirilməsindən sonra digər böyük təşkilatların da azərbaycanlı idmançılara marağı artıb. Çünki ölkəmizdə belə bir turnirin təşkil olunduğunu görürlər və bu, döyüşçülərimizin tanınmasına kömək edir. İnşallah, 2027-ci ildə Bakıda keçiriləcək növbəti turnirdə də azərbaycanlı idmançılarımızı görə bilərik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.