Taofik İsmahil: "Qarabağ" mənimlə çoxdan maraqlanırdı - MÜSAHİBƏ
“Qarabağ”ın Polşa “Qurnik”indən transfer etdiyi Taofik İsmahil Misli Premyer Liqasında II turun “Sumqayıt”la oyununda debüt edib.
80 dəqiqəyədək meydanda olan nigeriyalı hücumçu qarşılaşmanın ardından Sportify.az-a müsahibə verib:
– Yeni klubunuzdakı ilk oyununuzu necə dəyərləndirirsiniz?
– Pis deyildi, yaxşı idi. Daha da yaxşı olmalıdır. Bunun üzərində çalışıram. Fitnesimi də yaxşılaşdırmalıyam. İnanıram ki, alınacaq.
– “Qarabağ” sizinlə çoxdan maraqlanırdı?
– Dəqiq deyə bilmərəm. Amma məncə, uzun müddətdir maraqlanırdı.
– Bu komandaya keçidinizi necə dəyərləndirərdiniz?
– Möhtəşəm. Çünki son 12 mövsüm ərzində “Qarabağ” daim avrokubokların əsas mərhələsində çıxış edib. Təəssüf ki, bu mövsüm alınmadı. Amma hədəfimiz çempionatda yer tutmaq və gələn mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparmaqdır.

– “Qarabağ”a gələnədək avrokubokların təsnifat mərhələsində çıxış etmisiniz…
– “Qarabağ”a gələnədək Polşanın “Qurnik” komandasının heyətində Türkiyə təmsilçisi “Fənərbağça”ya qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda çıxış etdim. Həmin oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşsa da, ilk qarşılaşmada uduzduğumuz üçün növbəti mərhələyə çıxa bilmədik. Daha sonra Avropa Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə hər iki qarşılaşmada oynamışdım. Bu görüşlərdə də eyni hesablı nəticələr oldu və Konfrans Liqasının pley-off mərhələsinə endik. Bu görüşlərdə isə iştirak etmədim.
– Bəs yeni komandanızın əsas mərhələyə yüksələ bilməməsini necə qarşıladınız?
– Əsas mərhələdə oynayacağıma ümidli idim. Amma futboldur, alınmadı. Növbəti mövsüm avrokuboklarda çıxış edə bilmək üçün əlimizdən gələn hər şeyi edəcəyik.



No Comment! Be the first one.