Tural Piriyevdən ittihamlara cavab: Bilmirəm temperaturun təsiri varmı? - MÜSAHİBƏ
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin Sportify.az-a müsahibəsi
– Azərbaycan I Liqasında VIII turun “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşmasının təşkilində FİF olaraq, sizin də müəyyən rolunuz olub. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Ümumiyyətlə, “Xankəndi” klubu ilə bir müddətdir əməkdaşlıq edirik. Klubun buraya qayıtmaq planları ilə bağlı bizim də xüsusi yanaşmamız olub. Hazırda əsas hədəfimiz “Xankəndi” klubunun bölgə sakinləri tərəfindən qəbul olunması, yerli əhali ilə, xüsusilə Xankəndi sakinləri ilə sıx əlaqələr qurmasıdır.
Düşünürük ki, bu bölgə futbolun inkişafı üçün çox perspektivlidir. Çünki burada kifayət qədər gənc, tələbə və işləmək üçün gələn insanlar var. Klub, demək olar ki, yeni səhifə açır. İki il əvvəl yaradılsa da, Xankəndiyə qayıdışı məhz indi baş tutub. Həm klub, həm də Xankəndi şəhəri yeni mərhələyə qədəm qoyur. Düşünürəm ki, bu iki prosesi paralel aparmaq çox yaxşı olar. Ümumiyyətlə, bölgəni klub üçün perspektivli hesab edirəm.
İlk oyunun təşkili ilə bağlı da əməkdaşlığımız olub. Həm qarşılaşmanın təbliği, həm də təşkilati məsələlərdə kluba dəstək göstərmişik. Onlar artıq üç-dörd gündür burada idilər və müəyyən məsələlərdə kömək etməyə çalışdıq.
Klubla əməkdaşlığımız loqonun yenilənməsindən strategiyanın qurulmasına qədər uzanır. Hazırda potensial tərəfdaşların cəlb olunması, klub üçün gəlir imkanlarının yaradılması istiqamətində də birgə fəaliyyət göstəririk.
– Stadionda konsert proqramı da nəzərdə tutulmuşdu, lakin sonradan ləğv edildi. Bunun səbəbi nə idi?
– Əslində, bütün planlarımızı istədiyimiz kimi həyata keçirə bilmədik. Biletlərin hamısı satışa çıxarılmamışdı, bəzi texniki məsələlər də tam hazır deyildi. Stadion rəhbərliyi ilə danışmışam. Bildirilib ki, yaxın zamanda bütün texniki işlər yekunlaşacaq və nəzərdə tutduğumuz proqramları burada həyata keçirə biləcəyik.
– Konsertin baş tutması üçün konkret olaraq nə çatışmırdı: Müğənni dəvəti, yoxsa stadionun texniki imkanları?
– Həm texniki imkanlarla, həm də müğənni dəvəti ilə bağlı məsələlər var idi. İlk oyunda stadiona nə qədər insanın gələcəyini, auditoriyanın necə olacağını dəqiq bilmirdik. Buna görə də bütün planlarımızı həyata keçirmədik. Bu qarşılaşma, müəyyən mənada, sınaq xarakteri daşıyırdı. Həm texniki məsələləri tamamlamaq, həm də auditoriyamızı daha yaxından tanımaq istəyirdik. Bundan sonra daha genişmiqyaslı tədbirlər təşkil etməyi düşünürük.
– Stadionun açılışı ayın 7-də baş tutmuşdu. PFL əvvəlcə qarşılaşmanın Şamaxıda keçiriləcəyini açıqlamışdı, sonradan stadion dəyişdirildi. Oyunun Xankəndidə keçirilməsi ilə bağlı qərarın bir qədər tələsik verildiyini düşünmürsünüz?
– Açığı, bunun hansısa ziyan yaratdığını düşünmürəm. Məncə, qərar vaxtında verildi. Belə gözəl stadionumuz varsa, hava şəraiti də əlverişlidirsə və imkan yaranıbsa, klubun elə ilk oyundan burada meydana çıxması yaxşıdır. Komanda stadionu tanımalı, onun bütün texniki xüsusiyyətlərinə öyrəşməlidir. Bu baxımdan, düşünmürəm ki, qərar tez verilib. Əksinə, zamanında atılmış addım idi.
– AFFA rəhbərliyinin açılışda və oyunda iştirak etməməsi birmənalı qarşılanmadı. AFFA rəhbərliyinə dəvət göndərilmişdimi?
– Xeyr, heç kimə dəvət göndərilməmişdi. Dəvət məsələsini təşkil etmək bizim öhdəliyimiz deyildi. Mən burada AFFA-nın iştirak edib-etməməsi ilə bağlı xüsusi fərq görmürəm. Biz də orada idik. Bu, xüsusi tədbir yox, adi liqa oyunu idi.
Gənclər və idman naziri Fərid Qayıbov, Peşəkar Futbol Liqasının rəhbərliyi iştirak edirdi. Sadəcə, xüsusi proqram və protokol nəzərdə tutulmamışdı. Stadion nazirliyin balansındadır. AFFA ilə bağlı dəvət məsələsi də ayrıca kommunikasiya tələb edir. Klubun özü dəqiq bilmirdi ki, kimlər iştirak edəcək və nə vaxt gələcəklər.
– “Hypers”in prezidenti Ayaz Abdullayevin açıqlaması ilə tanışsınız. Həmin açıqlamada sizin fəaliyyətinizlə bağlı da fikirlər və ittihamlar yer alıb. Buna münasibətiniz necədir?
– Mən bunu ciddi məsələ kimi qəbul etmirəm. Özü də qeyd edib ki, 40 dərəcə ilə yazıb. Bilmirəm temperaturun bir təsiri varmı? Açıqlamada çox müxtəlif mövzulara toxunulub. Haradan başlayıb, nəyə cavab verəcəyimi də bilmirəm. Konkret sualınız varsa, cavablandıra bilərəm. Ümumi fikirləri və şəxsi yanaşmaları müzakirə etməkdənsə, konkret faktlar əsasında danışmağı üstün tuturam.
– Açıqlamada FİF-in layihələrinin hansı nəticələr verdiyi, Mingəçevirin hazırkı vəziyyəti, “Turan”ın xərcləri və digər məsələlər tənqid olunur. Bu ittihamlara münasibətiniz necədir?
– Gəlin, konkret məsələlər üzrə danışaq. Nə qədər insan varsa, o qədər də şəxsi fikir var. O fikirləri cavablandıraram ki, arqumentli olsun, fakt olsun. Hər hansı şəxsin fəaliyyətimizi effektiv hesab etməməsi onun şəxsi fikridir. Hamı eyni düşünməyə məcbur deyil. Mən konkret fakt və arqumentlərə cavab verməyə hazıram. Mən onun iddialarını cavablandırmayacağam.
– Əsas iddialardan biri də “Səbail”in adını dəyişərək, Qubaya köçürülməsi planının sizə məxsus olması və mövcud “Hypers Quba” klubuna lazımi şərait yaradılmamasıdır. Niyə hazırkı klubu inkişaf etdirmək əvəzinə başqa komandanın Qubaya köçürülməsi istiqamətində addımlar atıldı?
– Biz “Quba” klubu bölgəyə köçəndən sonra ilk gündən ona dəstək göstərmişik. İcra hakimiyyəti ilə görüşmüş, planlarımızı təqdim etmiş və gələcək əməkdaşlıq barədə danışmışıq. Sonrakı dövrdə də klubun tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində kömək etməyə çalışmışıq.
Ümumiyyətlə, klublarla əməkdaşlığımız onların məsələyə yanaşması və fəallığı üzərində qurulur. Klub nə qədər istəkli olursa, ortaq baxışımız nə qədər uyğun gəlirsə və razılaşdırılmış planlar nə qədər həyata keçirilirsə, biz də bir o qədər aktiv dəstək göstəririk. Fəaliyyətimiz bütün klubları əhatə edir. Bəzilərində işlər daha aktiv və uğurlu gedir, digərlərində isə müəyyən passivlik müşahidə olunur. Bizim üçün əsas meyar budur.
İnvestor məsələsinə gəlincə, bəli, potensial investorlarla danışmış, onlara “Hypers Quba” klubunu təklif etmişəm. Görüşlər keçirilib, Qubada olublar, stadionu gəziblər. Həmin görüşlərdə özüm iştirak edə bilmədim. Ayaz bəylə danışdım və o, investorları qarşılayaraq stadionu göstərdi, danışıqlar apardı.
Amma klubun borclarının qarşılığında satılması ilə bağlı deyilənlər tamamilə yanlışdır. Mən Ayaz bəydən dəfələrlə klubun borcunun olub-olmadığını soruşmuşam. O isə mənə klubun bir qəpik belə borcunun olmadığını bildirib.
Mən hətta bu barədə məlumatları açıq şəkildə paylaşırdım ki, bəlkə Qubadan olan maraqlı şəxslər də ortaya çıxsınlar. Ayaz bəyin mövqeyi isə belə idi ki, klub üçün müəyyən məbləğdə pul istəyir. Hətta birinci liqaya yüksələcəkləri təqdirdə klubun qiymətinin 700 min – 1 milyon manat arasında olacağını bildirirdi.
Mən ona izah etmişəm ki, biz klubun alqı-satqısı ilə məşğul olmuruq. Bu, tərəflərin öz aralarında həll etməli olduğu məsələdir. Qarşı tərəfə də bildirmişəm ki, bizim bu prosesdə iştirakımız yoxdur. Danışmaq istəyirlərsə, özləri əlaqə saxlasınlar.
Sonradan investorlar qərar verərək “Sabah”la danışıqlara başlayıblar və razılığa gəliblər. Biz həmin prosesdə iştirak etməmişik. Bizim iştirakımız yalnız o zaman olub ki, onlar bizə Qubaya köçmək planları olduğunu bildiriblər. Biz də bölgə klubları ilə işlədiyimiz üçün bu təşəbbüsü dəstəkləməyə hazır olduğumuzu söyləmişik.
– Yəni potensial investorlar Ayaz Abdullayevin istədiyi məbləğə görə “Quba” klubundan imtina edib “Sabah”ı seçiblər?
– Mən onların bütün danışıqlarının detallarını bilmirəm. Şəxsi tanışlığım var, amma prosesdə iştirak etməmişəm. Bildiyim qədərilə, investorların təklifi belə olub ki, klubun borcu varsa, onu qarşılasınlar və fəaliyyəti davam etdirsinlər. Ayaz bəylə də müəyyən söhbətlər aparılıb. Amma mənə klubun satışından pul əldə etdiyi və ya hansısa məbləği geri qaytarmaq istədiyi barədə məlumat verilməyib.
Bir daha qeyd edirəm ki, FIFA bu cür alqı-satqı prosesləri ilə məşğul olmur. Mən sadəcə tərəfləri bir-biri ilə əlaqələndirmişəm.
– Ayaz Abdullayevin açıqlamasından belə başa düşülür ki, iş adamları futbola investisiya qoymaq istəsələr də, bu cür yanaşmalar onları futboldan uzaqlaşdırır…
– İlk növbədə, həmin şəxsin futboldan uzaqlaşıb-uzaqlaşmadığını dəqiqləşdirmək lazımdır. O, hazırda da futbolun içindədir. Açıqlamasında hansı fikirləri nəzərdə tutduğunu da ayrıca qiymətləndirmək lazımdır. Mən konkret faktlara münasibət bildirə bilərəm.
– “Turan Tovuz”la bağlı məsələyə də aydınlıq gətirərdiniz. Klub Ehtiram Quliyevə veriləndə ona 2019-cu ildə tətbiq edilmiş və Avropa kuboklarında iştirakına mane ola biləcək sanksiya barədə məlumat verilmişdimi?
– 2019-cu ildə kluba qarşı hər hansı sanksiya tətbiq edilməyib. Ehtiram müəllimin də bu barədə məlumatlı olması mümkün deyildi, çünki belə bir sanksiya olmayıb.
UEFA qaydalarına əsasən, klubun bir və ya daha çox futbolçusunun oyunların nəticələrinə təsir göstərməkdə iştirakı ilə bağlı şübhələr yarandıqda araşdırma başlana bilər. Bu məsələ də həmin qaydalar çərçivəsində araşdırılıb. Bununla bağlı bir neçə mütəxəssis açıqlama verib.
Bir daha vurğulayıram ki, 2019-cu ildə kluba qarşı sanksiya tətbiq olunmayıb. Əgər belə bir sanksiya olsaydı, həmin vaxt qüvvəyə minərdi və sonradan eyni məsələ ilə bağlı yenidən qərar qəbul edilməsinə ehtiyac qalmazdı.
– Bəs UEFA bu məsələni niyə məhz indi gündəmə gətirdi?
– Bu məsələnin detalları üzrə mütəxəssis deyiləm. Klub Avropa turnirlərində iştirak etmək üçün UEFA-ya müəyyən sənədlər təqdim edir və imzalayır. Həmin sənədlər əsasında UEFA araşdırma başlada bilər. Amma təfərrüatları daha yaxşı izah etmək üçün idman hüquqşünasına müraciət etməyiniz məsləhətdir. Mən bu məsələyə dair daha ətraflı hüquqi şərh verə bilməyəcəyəm.
Əsas məqam odur ki, 2019-cu ildə heç bir sanksiya tətbiq edilməyib. Nə mənim, nə Ehtiram müəllimin, nə də digər şəxslərin belə bir sanksiyadan xəbərdar olması mümkün idi.
– Ümumilikdə gələcək planlarınız nələrdir? Mingəçevirin hazırkı vəziyyətindən xəbərdarsınızmı? Klub üçün sponsor axtarışı istiqamətində işlər görülürmü?
– Əlbəttə, Mingəçevirin çətin vəziyyətdə olduğunu bilirik. Klubla həm əvvəlki dövrlərdə, həm də hazırda əlaqə saxlayırıq, dəstək göstərməyə çalışırıq. Bizim işimiz də məhz budur.
Bəzən qeyri-etik fikirlər səsləndirən, müxtəlif iddialar irəli sürən insanlar olur. Hamısına münasibət bildirsəm, işimizi görə bilmərik. Prosesdə kimsə razı qala bilər, kimsə narazı. Bizim məqsədimiz hər kəsi məmnun etmək deyil, region klublarının davamlı fəaliyyət göstərməsinə kömək etməkdir.
Mingəçevir hazırda müəyyən problemlər yaşayır və biz onların həlli üçün çalışırıq. Komandanın meydana çıxa bilməməsi ilə bağlı problemlər var idi, artıq onlar həll olunub və klub məşqlərə başlayıb. İnşallah, ilin sonuna qədər çalışacağıq ki, mövcud məsələləri tamamilə aradan qaldıraq.
– Gələn mövsüm üçün Premyer Liqada komanda sayının artırılması müzakirə olunur. Sizcə, hazırda klublarımızın bunun üçün imkanları nə dərəcədədir? Komandalar öz daxili resursları hesabına fəaliyyət göstərə bilərlərmi, yoxsa əsasən dövlət dəstəyinə güvənirlər?
– Belə qərarlar qəbul edilərkən bir çox amil nəzərə alınır. Klubların maliyyə imkanları, infrastrukturu, idarəetmə strukturu, peşəkarlıq səviyyəsi və digər məsələlər qiymətləndirilir.
Düzdür, bu il Birinci Liqa əvvəlki illərlə müqayisədə daha rəqabətlidir. Deyərdim ki, indiyədək belə güclü Birinci Liqamız olmayıb. Amma buna baxmayaraq, müxtəlif məqamları nəzərə alaraq düşünürəm ki, bu mövsüm Premyer Liqada komanda sayını artırmaq hələ tezdir.
Məsələn, Birinci Liqada çıxış edən dörd komandadan ikisinin hazırda stadion problemi var. Nə vaxt ki, üç-dörd komandanın lazımi infrastrukturu olacaq, onda komanda sayının artırılması barədə daha ciddi düşünmək mümkündür.
Ötən il də komanda sayı artırıldı və stadion problemi olan klublarımız var idi. Bu çətinlikləri yaşamaq lazımdır, amma eyni zamanda infrastrukturu olmayan komandalarla bağlı məsələləri də həll etməliyik. Məncə, ilk növbədə Birinci Liqada infrastruktur vəziyyətini yaxşılaşdırmalıyıq.
Bununla belə, yaxın illərdə Premyer Liqada 14, daha sonra isə 16 komandanın çıxış etməsi mümkündür. Hazırda aşağı liqalarda da maraqlı rəqabət formalaşıb. İkinci Liqada iki komanda artıq xüsusi maraq yaradır. Həm yuxarı, həm də aşağı pillələrdə mübarizə güclənir. Bu baxımdan, gələcək üçün nikbin olmaq olar.
– “İmişli” klubu artıq iki ildir stadion problemi yaşayır. Bu məsələyə nə qədər dözümlü yanaşmaq olar? Komandalar Premyer Liqaya buraxılır, amma lazımi infrastruktura malik olmurlar…
– Xatırlayırsınızsa, “Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxılanda da çoxlu tənqidlər səslənirdi. Hətta klubların avtobusunun olmaması belə müzakirə mövzusu idi. Əgər bütün detallara bu qədər sərt yanaşsaq, bizim kimi ölkədə komanda sayını artırmaq və liqanı böyütmək çox çətin olacaq.
“İmişli” klubunun iki ildir stadion problemi yaşaması, əlbəttə, tənqid olunmalı məsələdir. Amma düşünürəm ki, bu kluba qarşı bir qədər də empatiya göstərmək lazımdır. Çünki klubun rəhbərliyi problemi özü həll etməyə çalışır və bunun üçün kifayət qədər böyük maliyyə imkanlarına malik deyil.
Digər region klublarına da baxaq. “Turan Tovuz”un stadionu AFFA tərəfindən tikilib, UEFA-dan əldə olunan vəsait hesabına bu iş görülüb. “Kəpəz” üçün baza yaradılıb, stadion problemi son illərdə dövlət tərəfindən həll olunub. Zaqatalanın stadionu var idi. “Şamaxı” üçün stadion AFFA tərəfindən tikilərək istifadəyə verildi. Mingəçevirin də stadionu mövcud idi.
“İmişli”də isə əvvəlcə stadionun olduğu düşünülsə də, sonradan investor gəldikdən sonra problemlərin kifayət qədər çox olduğu üzə çıxdı. Bu problemlərin həlli də əsasən investorun üzərinə düşdü.
Bildiyim qədərilə, İmişlidə torpaq sahəsinin ayrılması ilə bağlı məsələnin yaxın zamanda həll olunması gözlənilir. Klub həmin ərazidə özünün kiçik stadionunu tikməyi planlaşdırır.
Yenə də vurğulayıram ki, söhbət təkcə “İmişli”dən getmir. Eyni sualı digər klublar barədə də verə bilərik. Komanda sayının artırılması üçün müəyyən qədər dözümlülük göstərməliyik. Əks halda, tələbləri indidən çox sərt qoysaq, gələcəkdə liqanın genişlənməsini və rəqabətədavamlı komandaların formalaşmasını özümüz çətinləşdirəcəyik.
– Klublara uşaq futbolunun və infrastrukturun inkişafı üçün vəsait ayrılır. Amma bəzən həmin pullar legioner futbolçuların transferinə xərclənir. Bu məsələyə qarşı hansısa məhdudiyyətin tətbiqini düşünürsünüzmü?
– Bizim səlahiyyətimiz yoxdur ki, hansısa kluba konkret olaraq nəyi etməyi qadağan edək. Digər tərəfdən, yerli futbolçularla bağlı limit də ləğv olunub. Əgər hər hansı qayda tətbiq ediləcəksə, bu, hamı üçün eyni şərtlərlə olmalıdır.
Dövlət tərəfindən klublara vəsait ayrılır və həmin vəsaitin xərclənməsi ilə bağlı müəyyən meyarlar mövcuddur. Hansı klub bu meyarlara əməl etmirsə, onunla bağlı müvafiq sanksiyalar nəzərdə tutulur. Bu məsələlər şəxsi münasibət və ya kiminsə qınağı ilə deyil, mövcud qaydalar əsasında tənzimlənir.
– “İmişli” və “Şəfa” klublarına AFFA tərəfindən uşaq futbolu ilə bağlı hansısa maliyyə sanksiyasının və ya vəsaitin dondurulmasının tətbiq olunduğu bildirilir. Bu barədə məlumatınız varmı?
– Bu barədə məlumatım yoxdur. Ona görə də konkret fikir bildirə bilmərəm.
– “Şahdağ Qusar” klubunun stadion məsələsində hansı yeniliklər var?
– “Şahdağ Qusar”ın stadionu ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Bu günlərdə, hətta dünən də nazirliyin nümayəndəsi ilə söhbətimiz olub. Bildiyim qədərilə, layihələndirmə mərhələsi başa çatmaq üzrədir. Ümid edirəm ki, məsələ yaxın illərdə həllini tapacaq. Düşünmürəm ki, stadionun tikintisi bir il ərzində yekunlaşsın. Amma yaxın bir neçə ildə bu problemin həll olunacağını gözləyirəm.
– Klubun Premyer Liqaya yüksələcəyi təqdirdə Qusarda oynamaq imkanı olacaqmı?
– Klubun orada müəyyən planları var. Baza tikintisi nəzərdə tutulub və bunun üçün ərazi ayrılıb. İcra hakimiyyəti də dəstək göstərir. Ümumiyyətlə, klubun Qusarda məskunlaşmaq planları var. Amma bunun üçün ilk növbədə stadion məsələsi həll olunmalıdır.
Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Bizə verilən məlumata əsasən, müvafiq təsdiqlər var və yaxın zamanda stadionun tikintisinə başlanılması gözlənilir.



No Comment! Be the first one.