Türk hücumçu Lixtenşteyn millisindən kənarlaşdırıldı
Lixtenşteyn millisinin 4 futbolçusu bu gün UEFA Millətlər Liqasının oyununda Azərbaycan yığmasına qarşı oynamayacaq.
Sportify.az xəbər verir ki, qapıçı Qabriel Foser (“Eşen/Mauren”), müdafiəçi Andreas Malin (“Göfis”, Avstriya), yarımmüdafiəçi Luka Bek (“Kastrense”, Portuqaliya) və hücumçu Ferhat Saglam (“Ruggell”) Bakıya gətirilməyib.
İlk 3 oyunçunun bugünkü görüşdə komandaya kömək edə bilməyəcəyi hələ sentyabrın 17-də millinin heyəti açıqlanarkən bildirilib. Türk əsilli hücumçuya gəldikdə, o, daha əvvəl Litvaya 0:2 hesabı ilə uduzduqları görüşdə 61-ci dəqiqəyədək meydanda olub, lakin Maltaya eyni hesabla məğlub olduqları yoldaşlıq görüşündə iştirak ərizəsində yer almayıb.
Azərbaycan millisində isə 7 futbolçu “23-lük”dən kənarlaşdırılıb. Bunlar Ukrayna “Bukovina”sından dəvət almış hücumçu Renat Dadaşovla yanaşı, baş məşqçi Ayxan Abbasovun qərarı ilə matçı buraxacaq “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov, “Turan Tovuz”un arxa xətt oyunçusu Rahil Məmmədov, “Sabah”dan Rəhman Daşdəmirov, “Araz-Naxçıvan”ın yarımmüdafiəçiləri Ceyhun Nuriyev və Mustafa Əhmədzadə, elə də “Şəfa”nın orta xətt oyunçusu Fərid Yusiflidir.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.