UEFA və KONKAKAF FIFA-dan milli federasiyalara ödəniş tələb etdi
UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FIFA-dan hər bir milli federasiyaya 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılmasını tələb edib.
Sportify.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilir ki, UEFA prezidenti Aleksander Çeferin və KONKAKAF prezidenti Viktor Montalyani FIFA rəhbəri Canni İnfantinoya məktub göndəriblər.
Məktubda qeyd olunub ki, FIFA 2023-2026-cı illər üzrə fəaliyyət dövrünü təxminən 6 milyard dollar ehtiyatla başa vuracaq. Bu, qurumun tarixində ən yüksək göstərici hesab olunur.
UEFA və KONKAKAF rəhbərləri bu əsasla növbəti – 2027-2030-cu illəri əhatə edən dövr ərzində 211 milli assosiasiyanın hər birinə ən azı 10 milyon dollar ayrılmasını ədalətli hesab edirlər. Bu halda ümumi ödənişin təxminən 2,1 milyard dollar təşkil edəcəyi bildirilir.
Məktubda, həmçinin Canni İnfantinonun idarəçilik üsullarından narazılıq ifadə olunub.
Qeyd edilir ki, bu təşəbbüs dünya futbolunda davam edən fikir ayrılıqlarının yeni mərhələsi kimi qiymətləndirilir. Daha əvvəl dünya çempionatının maliyyələşdirilməsinə özəl investorların cəlb olunması layihəsi də geniş tənqidlərlə qarşılaşmış və razılaşdırılmadan başladıldığı üçün sonradan dayandırılmışdı.



No Comment! Be the first one.