UEFA Xorvatiyanın iki klubunu sərt cəzalandırdı
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi (CEDB) Konfrans Liqasının oyunlarında baş verən insidentlərlə bağlı Xorvatiyanın “Hayduk Split” və “Riyeka” klublarına qarşı cəza qərarları qəbul edib.
Sportify.az UEFA-nın rəsmi məlumatına görə, “Hayduk” Polşa “Rakuv”u ilə 2:2 hesablı oyunda baş verən hadisələrə görə ümumilikdə 56 min avro məbləğində cərimələnib.
Xorvatiya klubuna lazer göstəricilərindən istifadəyə görə 12 min avro, keçidlərin bağlanmasına görə 14 min avro cərimə tətbiq olunub.
Pirotexniki vasitələrdən istifadə və əşyaların meydana atılmasına görə isə “Hayduk” 30 min avro cərimələnib və stadionun J sektorunda, eləcə də ona bitişik sektorlarda ən azı 1 000 yerin qismən bağlanması qərara alınıb.
Lakin stadionun qismən bağlanması ilə bağlı qərarın icrası 2 illik sınaq müddətinə təxirə salınıb.
Bundan başqa, “Hayduk”un futbolçusu Adrion Payaziti kobud oyuna görə UEFA klub turnirində 1 matçlıq diskvalifikasiya olunub. Komandanın qeyri-düzgün davranışına görə kluba xəbərdarlıq edilib.
“Riyeka” isə “Midtüllann”a 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada pirotexniki vasitələrdən istifadəyə görə 12 750 avro cərimələnib.
Azarkeşlərin yaratdığı iğtişaşlara görə Xorvatiya klubuna 20 min avro cərimə tətbiq edilib və komandanın UEFA klub turnirində keçirəcəyi bir səfər matçında azarkeşlərinə bilet satışı tam məhdudlaşdırılıb.
“Riyeka” ilə bağlı bu qərar da 2 illik sınaq müddətinə təxirə salınıb.



No Comment! Be the first one.