“Tvente”dən müəmmalı qərar: Daha bir futbolçu Bakıya gətirilmədi
Niderlandın “Tvente” klubu “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün daha bir futbolçusunu Bakıya gətirməyib.
Sportify.az xəbər verir ki, Sam Lammers Azərbaycan paytaxtına üz tutan heyətdə yer almayıb.
Klubun baş məşqçisi Con van den Brom 29 yaşlı hücumçunun səfərdə iştirak etməməsinin səbəbini zədə ilə izah edib. Onun sözlərinə görə, Lammers bazar ertəsi məşq zamanı budun arxa əzələsində problem yaşayıb və hazırlıq prosesini erkən dayandırıb: “Biz bazar ertəsi məşq etdik və o, narahatlıq səbəbindən kifayət qədər tez məşqi dayandırdı. Çalışdı, amma alınmadı. Xoşbəxtlikdən, məşq zamanı onu əvəzləmək üçün kifayət qədər futbolçumuz var idi”.
Lammersin Bakıya gətirilməməsi onun PSV-yə mümkün transferi ilə bağlı xəbərlərin yayıldığı vaxta təsadüf edib. Niderland mətbuatında təcrübəli forvardın PSV-nin maraq dairəsində olduğu bildirilir. Van den Brom isə PSV-nin Lammersə marağından əvvəlcədən xəbərdar olduğunu təsdiqləyib: “Mən bunu artıq bilirdim. İdman direktorumuz Erik ten Haq mənə demişdi. Bu, mənim üçün sürpriz olmadı”.
Van den Brom Lammersin PSV-yə keçidi ilə bağlı yaxın günlərdə prosesin necə inkişaf edəcəyini bilmədiyini də vurğulayıb: “Doğrudan da, heç bir təsəvvürüm yoxdur. Bu barədə Erikin özündən soruşmalısınız”.
Baş məşqçi Lammersin son günlər məşqlərdə iştirak etmədiyini və buna görə onunla çox əlaqə saxlamadığını bildirib: “Onu məşqlərdə görməmişik. Bazar ertəsi məşq etdik və o, kifayət qədər tez məşqi dayandırdı. Çalışdı, amma alınmadı”.
Lammersin zədəsinin ciddi olub-olmadığı və onun nə vaxt sıraya qayıdacağı ilə bağlı dəqiq məlumat verilməyib. Bununla belə, “Tvente”nin baş məşqçisi hücumçunun avqustun 30-da “Kambür”lə Eredivizi oyununa hazırlaşdığını bildirib: “Sam bazar ertəsi narahatlıq səbəbindən məşqi kifayət qədər erkən dayandırdı. Belə vəziyyətdə düzgün qərar onu evdə saxlamaqdır”, – Van den Brom deyib.
Qeyd edək ki, “Tvente”nin heyətində Kristian Hlinsson və Stav Lemkin də zədə səbəbindən “Qarabağ”la cavab görüşünü buraxacaqlar. Hlinsson baldır, Lammers isə budun arxa əzələsi ilə bağlı problem yaşayır. Daha bir futbolçu – Mees Hilgers isə uzunmüddətli diz zədəsindən sonra bərpa dövrü keçir.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da başlanacaq. İlk oyunda Ağdam təmsilçisi Niderlandda 1:0 hesablı qələbə qazanıb.



No Comment! Be the first one.