Velko Simiç: Qol sayını artırmaq istəmirəm
“Təbii ki, sabahkı oyunu çox həyəcanla gözləyirik. Böyük komandaya qarşı çıxış edirik və inanıram ki, biz də böyük komandayıq. Böyük oyun olacaq. Azarkeşlərə gözəl oyun bəxş etmək istəyirik. Düşünürəm ki, sabah gözəl bir Çempionlar Liqası matçı olacaq”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Velko Simiç Bakıda İsrailin “Hapoel Beer Şeva” komandası ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Serbiyalı hücumçu azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib: “Azarkeşlərimizə ilk növbədə, onu demək istəyirəm ki, biz bu stadionu sevirik, bura bizim üçün böyük əhəmiyyət kəsb edir. İndiyədək yaxşı qollar vurmuşuq. Ümidvarıq ki, sabah çox gözəl atmosfer olacaq və indiyədək onlara yaşatdığımız həyəcanı yenidən bəxş edəcək, yenə də qalib gələrək onları sevindirəcəyik”.
31 yaşlı vingerin sözlərinə görə, 7 oyundan 6 qolla Çempionlar Liqasının bombardiri olmasının ona heç bir təzyiqi olmayacaq: “Düşünürəm ki, bu, mənə motivasiya verəcək. Daha yaxşı oynamağa fokuslanmışam. Qol sayını artırmaq istəmirəm, bu, mənim üçün əhəmiyyətli deyil. Əhəmiyyətlisi odur ki, yaxşı oyun göstərim və komandamın qələbəsinə töhfə verim”.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Hapoel Beer Şeva” oyunu saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.