"Vernidubun gəlişindən sonra yaxşı çıxış etdim" - VİDEO
“İlk növbədə, mənə güvənən insanlara təşəkkür edirəm. Bir çox futbolçunun arzusudur ki, bu klubda qalsın, karyerasında bu klub da olsun”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi” ilə yeni müqavilə imzalayan futbolçu Emil Səfərov klub televiziyasına müsahibəsində deyib.
24 yaşlı yarımmüdafiəçi komandada olduğu müddətdə əlindən gələnin ən yaxşısını etməyə çalışacağını bildirib: “Burada olduğum üçün xoşbəxtəm. Təklif gəldikdə, heç bir şey düşünmədən yeni müqaviləyə imza atdım”.
Səfərov karyerasının uğurlu alınmasında “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun rolunu xüsusi qiymətləndirib: “İlk mövsümüm o qədər də yaxşı alınmadı. Lakin yeni baş məşqçimiz Yuri Vernidub gəldikdən sonra mənə şans verdi və özümü göstərməyə başladım, yaxşı çıxış etdim. Məncə, hər şey bunun qarşılığıdır. “Neftçi” ölkə futbolunun flaqmanıdır. Belə komandada rəqabətin olması çox yaxşıdır. Mən də özümə güvənirəm və bu rəqabətdə maksimum dərəcədə qalib gəlməyə çalışacağam”.
Səfərov ona göstərilən etimadın böyük məsuliyyət olduğunu bildirib. O, üzərinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışacağını söyləyib.
“Neftçi”nin bu il 90 illik yubileyini qeyd etdiyini xatırladan futbolçu komandanın əsas hədəfinin çempionluq olduğunu diqqətə çatdırıb.
Milliyə dəvət məsələsinə də toxunan Emil Səfərov daha əvvəl Azərbaycan milli komandasına çağırıldığını və yenidən dəvət gözlədiyini bildirib. O, Millətlər Liqasında komandaya maksimum fayda verməyə çalışacaqlarını deyib.
Futbolçu azarkeşlərə də təşəkkür edib: “İlk gəldiyim gündən hər zaman yanımızda olublar. Həmişə çiyin-çiyinəyik. Hara getsək, qış-yay demədən bizi dəstəkləyirlər. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Emil Səfərov 2024-cü ilin iyulunda “Neftçi”yə keçib. Bu il sentyabrın 14-də isə onunla 2+1 illik yeni müqavilə imzalanıb.



No Comment! Be the first one.