Xorvatiya millisinə 73 yaşlı məşqçi gətirilir - FOTO
Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliç məşqçilər korpusuna standart vəziyyətlər üzrə mütəxəssis cəlb etməyi planlaşdırır.
Sportify.az xəbər verir ki, Xorvatiya Futbol Federasiyası bu məqsədlə italiyalı mütəxəssis Canni Vio ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
73 yaşlı Vio daha əvvəl Roberto Mançini və Antonio Konte ilə birlikdə çalışıb. O, həmçinin İtaliya millisinin məşqçilər korpusunda yer alıb və komandanın AVRO-2020-nin qalibi olmasına töhfə verib. Mütəxəssis son olaraq ABŞ millisi ilə DÇ-2026-da çalışıb.

Biliçin bu ideyaya maraq göstərməsinin əsas səbəbi isə Xorvatiyanın dünya çempionatında buraxdığı qollarla bağlıdır. Bildirilir ki, komanda turnirdə 7 qoldan 5-ni standart vəziyyətlərdən və ya cərimə meydançasına edilən ötürmələrin düzgün müdafiə olunmaması nəticəsində qapısında görüb.
Məhz bundan sonra Biliç məşqçilər korpusunda standart vəziyyətlər üzrə ayrıca mütəxəssisin olmasının faydalı olacağını düşünür. Tərəflər razılığa gəlsələr, Canni Vio Xorvatiya millisinin məşqçilər korpusuna qoşulacaq.
Qeyd edək ki, Xorvatiya millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliyaya uduzub. Bundan sonra Zlatko Daliç baş məşqçi postundan istefa verib. Onu Slaven Biliç əvəzləyib. Biliç 2006 – 2012-ci illərdə də yığmanın sükanı arxasında olub.



No Comment! Be the first one.