Yindrjik Trpişovski: Favorit rolu bizə uyğun gəlmir
Çexiyanın “Slaviya Praqa” komandasının baş məşqçisi Yindrjik Trpişovski Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, təcrübəli mütəxəssis sualları cavablandırıb:
– Məğlubiyyətinizi necə izah edərdiniz?
– Nəticədən də, oyunumuzdan da məyusuq. Bu, bizim oyun deyildi. Xüsusilə ilk hissədə belə oldu. Halbuki həmin hissə paradoksal şəkildə 0:0 hesabı ilə başa çatdı. İkinci hissədə daha yaxşı oynadıq, amma 0:2 hesabı ilə uduzduq. Bunun çoxlu səbəbi var. Səhvlərə yol verməməlisən, amma hər iki qolda çox bəsit səhvlər etdik. İki top itkisi, iki cəza… Xüsusilə ilk qol məni məyus edir, çünki adətən belə qollar buraxmırıq.
Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Çoxlu epizodlarımız oldu, ən azı iki qol vurmaq üçün kifayət qədər şansımız var idi. Niyə alınmadı? Sadəcə, yaxşı oynamadıq. Ayrı-ayrı mövqelərdə fərdi keyfiyyət çatışmadı, topu çox itirdik.
Ofsayd epizodunu nəzərə almasaq, rəqib ilk hissədə qol şansı əldə etməmişdi. İkinci hissədə “Sabah” qol vurdu, sonra yaxşı müdafiə olundu. Sol cinahdan təzyiq göstərirdik, sağ tərəfdən isə kifayət qədər təhlükə yarada bilmədik.
Bir məqamı xüsusi vurğulamalı olsam, rəqib bizi meydanın mərkəzində üstələdi. Futbolçular yorulublar, əllərindən gələni etdilər. Ancaq maksimum səviyyədə çıxış etdiyini deyə biləcəyim bir oyunçumuzun belə adını çəkə bilmərəm.
– Əvvəlki oyunda “Lans”a qarşı daha çox qəzəb hiss olunurdusa, bu dəfə sanki ağlamaq istəyirdiniz. Çoxlu qol imkanlarından yararlana bilmədiniz…
– Razıyam. Bəzən elə ümidsizlik yaranır ki, top nə qədər cəhd etsən də qapıya daxil olmur. Bəzi epizodlarda isə düşünürsən ki, bu vəziyyətdə qol vurulmaması mümkün deyil.
Nədənsə, mənim izah edə bilmədiyim səbəbdən bu hal Avropa oyunlarında təkrarlanır. Kiprin “Pafos” klubu ilə qarşılaşmaya bənzər oyun oldu: çoxlu qol imkanları yaratdıq. Qələbə qazanmaq üçün kifayət qədər şansımız var idi. Ancaq maksimum səviyyəmizə çata bilmirik.
“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Rəqib yaxşı oynadı, amma biz belə komandaları məğlub etməliyik. Bəzi mərhələlərdə üstün olduğumuz görünürdü. Lakin qol vurmaqda çətinlik çəkirik.
İlk hissənin sonunda Vlçakın epizodu, Provişin zərbəsinin qapıçıya dəyməsi, ardınca iki dəfə topu qapının yanından vurması… Bundan sonra psixoloji amil də işə düşür. 25 metrdən zərbələr endiririk, halbuki iki nəfərin bir müdafiəçiyə qarşı çıxdığı epizodlarımız olur.
Rəqib yaratdığı imkanları yaxşı dəyərləndirdi, biz isə bunu bacarmadıq. Fərq də bundadır.
– Futbolçuların üzərinə böyük gözləntilər təzyiq göstərmiş ola bilərmi? “Sabah”ın ən münasib rəqib olması ilə bağlı fikirlər səslənirdi…
– Bunu demək çətindir. Futbolçuların özləri cavab verməlidirlər. Mən bu məsələlərdən uzaqlaşmışam, bunları beynimə salmaq istəmirəm. “Pafos”la oyunu xatırlayın…
Amma görünür, favorit rolu bizə uyğun gəlmir. Bir məsələ nəticə, digəri isə nümayiş etdirdiyimiz oyundur. “Lans” və “Barselona” ilə qarşılaşmalarda daha sürətli oynayır, qərarları daha tez veririk. Bu dəfə isə vəziyyət fərqli, daha pis idi.
Buraxdığımız ilk qol məni məyus edir. Top itkisi oldu, müdafiəçilər bir-birini sığortalamadı və Parris epizodu yaxşı tamamladı. Belə səhvlərə yol vermək olmaz.
Məyusam, çünki futbolçuların bu oyuna necə hazırlaşdıqlarını görürdüm. Hətta bəzi digər matçlarla müqayisədə daha çox çalışmışdılar. Təəssüf ki, bunu meydanda göstərə bilmədik. İnsan hər oyunda qalib gəlmək istəyir, amma reallıq hər dəfə bu məqsədə çatmaqdan hələ çox uzaq olduğumuzu göstərir.
– Bu məğlubiyyətin təsirindən necə çıxacaqsınız? Şənbə günü “Hradeç Krаlove” ilə, bir həftə sonra isə “Fənərbağça” ilə qarşılaşacaqsınız…
– Artıq şənbə günü toparlanmalıyıq. Komandamız belə vəziyyətlərə cavab verməyi bacarır. Bunu paltardəyişmə otağında da müzakirə etdik.
Şənbə günü bizi mütləq qazanmalı olduğumuz başqa bir oyun gözləyir. Cavabımızı meydanda verməliyik. Həm oyun baxımından, həm də emosional cəhətdən daha yaxşı çıxış etməliyik.
Bu nəticənin səbəblərini araşdıracağıq. Matçlar arasındakı fasilə qısadır, amma sıx qrafikdən məmnunuq. Bu gün zəif oynadıq. Şənbə günü əvvəlki matçlardakı səviyyəmizə qayıtmalı, çərşənbə axşamı isə həmin çıxışı davam etdirməliyik.



No Comment! Be the first one.