Yuri Vernidub: Mən pul dalınca qaçan deyiləm
“Səfərdə oynayırdıq. Rəqib ötən mövsümlə müqayisədə çoxlu dəyişikliyə məruz qalmış komanda idi. Onlar barədə məlumat əldə etməyə çalışsaq da, heç kim bizə kömək etmədi. Bircə “Şamaxı” ilə yoxlama oyunlarını izləmişdik. Amma orada 4 müdafiəçi ilə çıxış etdikləri halda bizə qarşı 5 müdafiəçi buraxdılar. Bunu isinmə hərəkətləri zamanı bildik. Onların hansı sxemlə oynamaları yox, bizim oyunçularımızın necə çıxış etmələri əsas məsələdir. 3 qol vurduq, amma 1 qol da buraxdıq. Hansı ki, bu qolu buraxmamalı idik. Nəticədən razıyam, əsas odur qələbə ilə başladıq”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub səfərdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis Endryu Qravilyonu ehtiyatda saxlamasını belə izah edib: “Endryu bütün mövqelərdə oynaya bilər. Bu da mənə ondan yararlanmaqda kömək edir. Yeni oyunçuların adaptasiyalarına vaxt tələb olunur. Onları birdən-birə əsas heyətə ala bilmərik. Bilməlidirlər ki, biz onlardan nə istəyirik. Yenilərdən Lyubomir Tupta və Rüfət Abbasovu oynatdıq”.
O, “Sumqayıt”ın qoldan başqa heç bir epizodunun olmadığını söyləyib: “O qoldan başqasını xatırlayırsınız? Bizdə isə xeyli imkan oldu. Ümumilikdə “Sumqayıt” pis komanda deyil. Azərbaycan çempionatında komandalar bərabərdirlər. “Turan Qəbələ”ni çətinliklə uddu. Komandalar bir-birilərinə çox yaxındır”.
Vernidub ukraynalı futbolçu Aleksandr Qutsulyakla maraqlandıqlarına dair xəbərləri təkzib edib: “Siz bu məlumatı haradan bilirsiniz? “Veres”dən də bir futbolçunun adını hallandırırdılar. Onu heç tanımıram. Bu, menecerlərin şayiələridir. Qutsulyaka gəldikdə, çox gözəl oyunçudur, Ukrayna millisində çıxış edir, sağ ayaqla yanaşı, solla da zərbələr vurur. “Neftçi”də oynamaq stəsəydi, imtina etməzdi”.
Vernidub Moldova mətbuatında “Şerif”in onunla maraqlandığına dair xəbərləri də inkar edib: “Mən bu məlumatı eşitməmişəm. “Neftçi” ilə müqaviləmi 2 il uzatmışam. Hətta böyük pullar verilsə belə, getmərəm. Mən pul dalınca qaçan deyiləm. Pulu almaq yox, qazanmaq istəyən biriyəm. Bugünkü qazancım məni tam qane edir. Özümə və ailəmə yetərincə qazancım var”.
Baş məşqçi hələlik hamının komandada olduğunu bildirib: “Sadəcə, Kenan Piriç zədə səbəbindən iştirak ərizəsində yox idi. Ümumiyyətlə, vaxtımız var, işlər davam edir. Komandanı gücləndirməyə ehtiyac var. Elələrini axtarırıq ki, bizə uyğun olsunlar, pulu qazansınlar, almasınlar. Bizə belə oyunçular lazımdır. Özünüz də görürsünüz, həyətimizdə 5 azərbaycanlı futbolçu çıxış edir. Bu da millinin formalaşdırılmasında çox önəmlidir. Onlar buna layiqdirlər, çünki öz üzərlərində daim işləyirlər. İstəyirik ki, onlar partlayış etsinlər və biz də buna baxıb sevinək”.



No Comment! Be the first one.