“Neftçi”nin baş məşqçisi: Futbolçular tərcüməni tam anlamırlar
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komanda daxilində ünsiyyət zamanı dil baryeri ilə bağlı çətinliklərlə üzləşdiklərini bildirib.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis komandanın çoxdilli olmasının verilən tapşırıqların futbolçular tərəfindən tam anlaşılmasına təsir etdiyini deyib.
“Əslində çox yaxşı təhlillərimiz olur. Sadəcə, bəziləri nəyə görəsə buna qulaq asmırlar, əməl etmirlər. Əsas sual da budur. “Neftçi” çoxdilli komandadır, ispan, fransız, ingiliscə danışırıq. Bəlkə də hamı tərcüməni tam başa düşmür, orada sıxıntılarımız olur. Baxmayaraq ki, yaxşı tərcüməçilərimiz var. Nəyə görəsə deyilən sözləri tam anlamırlar. Birdən-birə üç dili bu il ərzində öyrənmək də çətindir”, – deyə Vernidub bildirib.
Baş məşqçi Azərbaycan dilini öyrənməyin onun üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Bununla belə, yeni dili qısa müddətdə mənimsəməyin çətinliyini etiraf edib.
“Əslində mənim üçün Azərbaycan dili önəmlidir. Çünki burada yaşayıram, sizinlə də bu dildə danışa bilərəm. Amma bunları etmək mənim üçün çətindir”, – deyə o əlavə edib.



No Comment! Be the first one.