Yusif İmanov: Məqsədimiz daha böyükdür - MÜSAHİBƏ
“İmişli”nin qapıçısı Yusif İmanovun səfərdə “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının III tur matçından sonra Sportify.az-a müsahibəsi
– Mövsümdə ilk qələbənizi qazandınız. Çıxışınızı necə dəyərləndirirsiniz?
– Çətin oyun alındı. Yaxşı oynayan tərəf olduğumuzu düşünürəm. Hücumlar təşkil etməyə, baş məşqçimiz Fərid Namazovun tapşırıqlarını yerinə yetirməyə çalışırdıq və istəyimizə nail olduq. Sevinirik ki, qələbə qazandıq. Düzdür, qol vəziyyətlərimiz çox oldu, amma cəmi birindən yararlana bildik. Əsas odur ki, 3 xal qazandıq.
– Heyətiniz və baş məşqçiniz yenilənib. Elə özünüz də komandada yenisiniz. Bəs oyunundan-oyuna performansınızı müsbətə doğru yeniləmək imkanınız nə qədərdir?
– Adaptasiya olmağa çalışırıq. Çox çalışqan məşqçi heyəti və futbolçularımız var. Həqiqətən də çox yüksək səviyyədə məşq edir, baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. İnanıram ki, müsbət nəticəsini də görəcəyik.
– Komandanızın aparıcı oyunçularından biri kimi necə düşünürsünüz: Hədəfinizə çata biləcəksiniz?
– Məqsədimiz daha böyükdür. Bunun üçün yaxşı komandamız və məşqçilər heyətimiz var. Ən yaxşısını etməyə çalışacağıq.
– Keçmiş klubunuz “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması barədə nə deyə bilərsiniz?
– Uğurlar arzulayıram.
– Ötən tur “Zirə” ilə oyunda buraxdığınız ilk qol müzakirələrə səbəb oldu. Həmin epizodda səhvinizi etiraf edirsiniz?
– Bəli, həmin epizoda baxdım. Mənim səhvim idi. Düzdür, top bir qədər pis getdi. Həmin yerdən on dəfə vursaydılar, biri də qapıya girməzdi. Amma belə vəziyyətlərdən top buraxmağın məsuliyyəti qapıçıların üzərinə düşür. Bəxtsiz an idi, amma yenə də mənim səhvim idi.



No Comment! Be the first one.