Zaur Həşimov: “Şəfa” bu çempionatda öz sözünü deyəcək gücdədir
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov səfərdə “Sumqayıt” ilə 1:1 hesablıq heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– İlk növbədə qeyd edim ki, bir neçə turdan sonra məğlubiyyətdən sonra ilk xalımızı qazandıq. Əslində, xal qazandığımız üçün sevincliyik. Amma digər tərəfdən məyusuq ki, “Sumqayıt”la oyunda çoxsaylı qol epizodları yaratmağımıza baxmayaraq, onlardan yararlana bilmədik. Nəticədə yenə hesabda öndə olduğumuz halda qol buraxdıq və qələbəni əldən verdik. Nəticədən asılı olmayaraq, uşaqlara göstərdikləri oyuna görə təşəkkür etdim. Həqiqətən, sona qədər mübarizə apardılar və yaxşı oynadılar. Son iki turda da komandamın çıxışından razı idim. Qələbəni son anlarda əldən verirdik. Bu gün də qələbəni əldən versək də, Sumqayıtdan bir xalla ayrıldıq. Buna görə sevincliyik.
– Bu mövsüm “Şəfa”nın ən yaxşı oyunlarından birini keçirdiyini demək olar. Komanda artıq özünə gəlməyə başlayıb, yoxsa “Sumqayıt” xüsusi təhlil olunmuşdu?
– Qeyd edim ki, məğlub olduğumuz oyunlarda da – “Qarabağ”, “Sabah” və “Neftçi” ilə qarşılaşmalarda – mübarizədən çəkinmədən oynamışdıq. Son iki turu, həmçinin “Gəncə” ilə oyunu nəzərə alsaq, komandamız artıq dominant futbol oynamağa başlayırdı. Gözləntiləri doğrultmağa və xallar toplamağa başlayacağımız hiss olunurdu. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik. Bütün oyunlara necə hazırlaşırıqsa, bu qarşılaşmaya da eyni qaydada hazırlaşmışdıq. “Sumqayıt”ın çox çətin və güclü komanda olduğunu, son oyunlarda üstün futbol sərgilədiyini bilirdik. Bir daha qeyd edirəm ki, “Şəfa” bu çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq.
– Hakim qərarları ilə bağlı fikriniz necədir? Oyunun əvvəlindən ehtiyat oyunçular skamyasından etirazlar oldu. Xüsusilə İsa Sulimanın ikinci sarı vərəqə almalı olduğu epizod barədə nə deyə bilərsiniz?
– Belə deyim, məğlub olduğumuz heç bir oyundan sonra hakimlik haqqında danışmamışam. Bu gün də bu mövzuya üstünlük vermək istəmirəm. Amma həmin epizodda açıq-aydın görünür ki, top qapıçının əlində olduğu halda İsa Süleyman topa zərbə endirir. Hakim Nicat İsmayılov isə bildirdi ki, futbolçu bunu təsadüfən edib, qəsdən hərəkət etməyib. Mənim fikrimcə, həmin epizodda ikinci sarı vərəqə göstərilməli idi və bu qərar bəlkə də oyunun taleyini böyük ölçüdə həll edəcəkdi. Ümumilikdə, Musanın epizodu da var. Onun epizodunda rəqib komandanın futbolçusu bizim oyunçunun ayağını tapdalamışdı. Həmin qərar da bizim üçün müəmmalı qaldı. Ümumən, gərgin oyun idi. Hakimləri də başa düşürəm, səhvlərə yol verə bilərlər. Amma inanmıram ki, burada hər hansı qərəz və ya qəsdən verilmiş qərar olsun.



No Comment! Be the first one.