Zaur Həşimov: Son 2 oyunda 4 xalımız əlimizdən alınıb
“Mən də ilk növbədə, Zəfər Günü münasibətilə hamını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.
Sportify.az xəbər verir ki, bunu “Şəfa”nın baş məşqçisi Zaur Həşimov evdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, qarşılaşma dinamik məcrada keçib: “Yaxşı oyun alındı. Çoxlu qol epizoduna girdik, 2 qol vurduq. Eyni zamanda fərdi səhvlərdən iki top buraxdıq. Düşünürəm ki, oyunumuzda inkişaf göz qabağındadır”.
Daha sonra Həşimov hakimliklə bağlı narazılığını dilə gətirib: “Oyunumuz bir qırağa, yəqin gözləyirsiniz, hakimlikdən də danışacağam. İstəmirəm ki, hakimlik barədə pis fikrə düşüm. Amma məcburam, artıq vaxtdır, bu barədə danışmağın zamanı gəlib çatıb. “Şamaxı” ilə səfər matçımızda qapımıza verilən penalti var idi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin epizodda penaltinin olmadığını təsdiqlədi. Ötən tur “Sumqayıt”la görüşdə təmiz penalti və ikinci sarıdan qırmızı vərəqə verilməli idi, verilmədi. Bugünkü oyunda konkret nələrin baş verdiyi göz qabağında idi. Hətta sayılmayan ilk qolumuzda baş hakim Əliyar Ağayev fit çalmışdı. Halbuki gözləyib baxa bilərdi. Bütün xırda follarda rəqibə üstünlük verildiyi kənardan hiss olunurdu. Penaltinin verilmədiyi epizodda hətta rəqib deyir ki, əlimə dəyib. Amma bütün hakimlər “əl deyil, çiyindir” söyləyirlər. Yaxud təmiz qol vurmuşuq, deyirlər ki, qol deyil. Ögey münasibət hiss etdiyimizi bildirmək istəmirəm. Lakin bizim də uşaqlar əziyyət çəkirlər, haqları var. Vuruşurlar, oynayırlar. Amma son 2 matçda baş verənlər üzündən 4 xalımız əlimizdən alınıb. Bunu açıq-aşkar deməkdən çəkinmirəm”.
Baş məşqçi oyunların gedişində hesabda öndə olduqları halda, üstünlüklərini qoruya bilməmələrinin səbəbini də açıqlayıb: “Razıyam, bəsit qollar buraxırıq. Təəssüf ki, artıq neçənci oyundur belə olur, tendensiya halını alır. Məşqlərdə də, analizlər apararkən də bunların üzərində işləyirik. Bəzi məqamlar da var. Məsələn, biz 5 yerli futbolçu ilə oynayırıq, heyətimizdəki futbolçulardan 3-ü ötən mövsüm I Liqada çıxış edib. Bəzi səbəblər var ki, mətbuatda açıq demək olmur. Hər şeyə rəğmən, bu məsələ bizi ciddi narahat edir və qeyd edilən istiqamətdə işimizi davam etdirəcəyik”.
O, bəsit qollar buraxmalarının səbəbini də izah edib: “Fikrimcə, büdcəmizə görə çox yaxşı komanda yığmışıq. Hətta mövsümün əvvəllərində məğlubiyyətlər sıralananda bəzi legionerlərimiz haqqında söz-söhbətlər olurdu. Həmin legionerlərdən biri Bafode Dansokodur. İki oyundur görürsünüz ki, möhtəşəm futbol oynayır. Bu gün hətta qol vurdu. Konkret müdafiəçilərə gəldikdə, onlardan ümumi planda narazı deyiləm. Bəsit qollar buraxana qədər səhvlərimiz olur. O səhvlər qollara gətirib çıxarır. Oxşar qollar buraxırıq. Əsasən top itkisi, cərimə zərbələrindən sonra qapımızda qollar görürük. Hazırda transfer etmək və digər atacağımız addımlar yoxdur. Yalnız bu futbolçularla işləyərək, məsələnin həllini tapmalıyıq”.



No Comment! Be the first one.